Atası Xəqani İmamverdiyevin ölümünə inanmır

Atası Xəqani İmamverdiyevin ölümünə inanmır

24 Yanvar 2012 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanda ABŞ Silahlı Qüvvələri tərəfindən öldürüldüyü iddia edilən azərbaycanlı mücahid 21 yaşından ölkəni tərk edib. Bu barədə açıqlamasında Xəqani İmamverdiyevin atası Sahib İmamverdiyev bildirib. S.İmamverdiyev məsələyə bu cür aydınlıq gətirib: "Xəqani Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi olub. Dördüncü kursda oxuduğu zaman, yəni 2010-cu ilin mart ayının 2-si akademiyanın 5 tələbəsi ilə birlikdə dini təhsil almaq adı ilə Pakistana gedib. Pakistana gedəndən sonra tez-tez evə zəng edib ailəsi ilə danışardı. Orada dini təhsil aldığını deyirdi. Sonuncu dəfə ötən il dekabrın 21-də evə zəng edərək hər şeyin qaydasında olduğunu bildirdi. Oğlum Azərbaycanı tərk edən kimi polisə və Milli Təhlükəsizlik Nazirliyinə məlumat verdim. Universiteti başa vurmadığı və əsgər getmədiyi üçün onun barəsində axtarış elan edildi. Mütəmadi olaraq hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb onun taleyi ilə maraqlanmışam".

S.İmamverdiyev oğlunun ölüm xəbərinə inanmadıqlarını bildirib: "Yanvarın 21-də böyük oğlumun əl telefonuna gizli nömrədən zəng gəlib. Deyiblər ki, Pakistandan zəng edirik. Sizin övladınız Xəqani dekabrın 29-da şəhid olub. Onun ölümü bizim üçün müəmmalıdır. Çünki zəng edənin kim olduğunu belə bilmirik. Bu gün Pakistanın Azərbaycandakı səfirliyinə müraciət edərək Xəqaninin taleyinə aydınlıq gətirilməsini xahiş edəcəyəm".
Qeyd edək ki, 23 yaşlı Xəqani Sahib oğlu İmamverdiyevin ABŞ Silahlı Qüvvələrinin hücumu zamanı öldürüldüyü bildirilir.
O.M.