Ötən il Bakıda 11.316 cinayət hadisəsi qeydə alınıb

Ötən il Bakıda 11.316 cinayət hadisəsi qeydə alınıb

19 Yanvar 2012 13:14
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatına görə, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə nazirlikdə geniş müşavirə keçirilmişdir. Müşavirəni giriş sözü ilə açan nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi məqsədyönlü xarici və daxili siyasətin məntiqi nəticəsi olaraq 2011-ci ildə ölkəmizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmləndiyini, müdafiə potensialının gücləndiyini, iqtisadiyyatın dinamik templə inkişaf etdiyini, xalqın sosial rifahının yaxşılaşdığını bildirmişdir. O demişdir ki, qazanılan bütün uğurların əsasını təşkil edən ictimai-siyasi sabitliyin qorunmasında, ölkədə cinayətkarlıqla mübarizə və asayişin təmini istiqamətində Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsində paytaxt polisinin əhəmiyyətli rolu olmuşdur. Baş İdarənin şəxsi heyətinin gərgin əməyi, fədakar xidməti sayəsində ötən müddətdə də cinayətkarlıqla mübarizədə, asayişin qorunmasında bir sıra uğurlu nəticələr əldə edilmişdir. Bununla yanaşı, fəaliyyətdə müəyyən nöqsan və çatışmazlıqların olduğunu da xatırladan nazir əməliyyat müşavirəsində onların hərtərəfli təhlil olunmasının vacibliyini vurğulamışdır.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, hesabat dövründə Bakı şəhərində ümumən 11.316 cinayət qeydə alınmış, onların 88,5 faizi (10.018) az ağır və böyük ictimai təhlükə törətməyən, 11,5 faizi (1298) isə ağır və xüsusilə ağır növ cinayətlər olmuşdur. Qabaqlayıcı profilaktiki tədbirlərin səmərəsi artmış, əvvəlki illə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin sayı 7,4 faiz, o cümlədən şəxsiyyət əleyhinə olanlar 6,1 faiz, hədə-qorxu ilə tələb etmələr 35,7 faiz, quldurluqlar 15,1 faiz, qəsdən sağlamlığa az ağır xəsarət yetirmələr 6 faiz, qəsdən sağlamlığa yüngül zərər vurma və döymə 6,1 faiz, nəqliyyat vasitələrinin oğurluğu 14,3 faiz azalmışdır. Ümumi cinayətlərin açılması 73,3, ağır növ cinayətlərin açılması 71, şəxsiyyət əleyhinə törədilən cinayətlərin açılması isə 94,9 faiz təşkil etmişdir. Ötən il 26 quldurluq və 41 soyğunçuluq törətmiş 140 nəfərdən ibarət 58 cinayətkar qrup, eləcə də 46 mənzil oğurluğu törətmiş 72 nəfərdən ibarət 31 cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilmişdir.
Bildirilmişdir ki, məqsədyönlü tədbirlər nəticəsində qanunsuz saxlanılan 61 odlu silah, o cümlədən 4 avtomat, 32 tapança, 25 tüfəng və xeyli sayda sursat götürülmüşdür. Odlu silahlardan 26-sı əməliyyat yolu ilə aşkarlanmışdır. Qanunsuz dövriyyədən 149 kiloqrama yaxın narkotik vasitə çıxarılmışdır ki, bu da 2010-cu illə müqayisədə 10,6 kiloqram çoxdur.
Əməliyyat-axtarış fəaliyyətinin mühüm istiqamətlərindən olan təqsirləndirilən şəxslərin axtarışı da fəal surətdə davam etdirilmiş, 1134 belə şəxsdən 801-nin və ya 70,6 faizinin, əvvəlki illərdən axtarılanlardan 87-nin, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 160 nəfərin tutulması təmin olunmuşdur. Nəticədə, 2010-cu illə müqayisədə ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların tutulması 4,3 faiz yaxşılaşmış, qalıq 15 fakt azalmışdır.
Ağır və xüsusilə ağır cinayətlərə görə tutulan 160 nəfərdən 22-si ölüm və ölümə qəsdə, 14-ü ağır xəsarət yetirməyə, 10-u quldurluğa, 24-ü isə soyğunçuluğa görə axtarılanlar olmuşdur. Hesabat dövründə əməliyyat aparatlarının icraatında xəbərsiz itkin düşmüş şəxslərin 66 faizi tapılaraq ailələrinə qaytarılmışdır.
Yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində də müəyyən işlər görülmüş, il ərzində 366.222 , o cümlədən sürət həddinə əməl olunmaması ilə bağlı 4.426, ötmə və manevr qaydalarını pozma ilə əlaqədar 1.699, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 4.214 yol hərəkəti qayda pozuntusu faktları aşkar edilmişdir. Qaydaları davamlı və kobud şəkildə pozan, ictimaiyyətə açıqca hörmətsizlik edən avtoxuliqanlara qarşı aparılan mübarizə tədbirləri qətiyyətlə davam etdirilmiş, 282 avtoxuliqan yaxalanaraq məhkəməyə verilmişdir.
Cinayətlər üzrə istintaq və təhqiqatın aparılması, vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi, onların ərizə və müraciətlərinə baxılması və digər istiqamətlərdə də qarşıya qoyulan vəzifələr ümumən təmin edilmişdir. Baş vermiş cinayətlər üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv aparılması, vətəndaşlara dəymiş maddi ziyanın ödənilməsi sahəsində işlər davam etdirilmiş, nəticədə istintaq aparatları tərəfindən 77,5 faizinin ödənilməsi təmin olunmuşdur.
O da bildirilmişdir ki, cinayətkarlıqla mübarizə və profilaktika işinin səmərəliyinin göstəricilərindən biri olan vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu məsələlərinə xüsusi önəm verilmiş, il ərzində ərazi polis orqanları tərəfindən 87 mindən artıq ərizə və müraciətə baxılmış, Baş İdarəyə daxil olmuş 13.067 müraciətin 6465-i aidiyyəti üzrə digər orqan və təşkilatlara göndərilmiş, 2438-i rəhbərlik tərəfindən nəzarətə götürülmüş, 1040 nəfər Baş İdarənin rəhbərliyi və məsul əməkdaşları tərəfindən qəbul edilmişdir.
Məruzəçi çıxışında xidməti fəaliyyətdə yol verilmiş nöqsanların üzərində də ətraflı dayanmışdır.
Məruzə ətrafında çıxış edənlər görülmüş işlər barədə danışmış, nöqsanların qısa müddətdə aradan qaldırılması üçün təsirli tədbirlər görəcəklərinə söz vermişlər.
Əməliyyat müşavirəsinə yekun vuran Daxili İşlər naziri Ramil Usubov hesabat dövründə Bakı BPİ-nin şəxsi heyəti tərəfindən görülən işləri bütövlükdə qənaətbəxş saymış, bununla belə, cinayətkarlıqla mübarizənin ayrı-ayrı istiqamətlərində nəzərə çarpan nöqsan və çatışmazlıqlardan narahatlığını bildirmiş, onların aradan qaldırılması üçün konkret tapşırıq və tövsiyələrini vermişdir.
Nazir ictimai təhlükə mənbəyi olan və çox vaxt şəxsiyyət əleyhinə ağır cinayətlərin törədilməsini şərtləndirən qanunsuz silahların yığılması, xüsusən onları saxlayan və gəzdirən şəxslərin əməliyyat yolu ilə müəyyənləşdirilib məsuliyyətə cəlb edilməsi, mülkiyyət əleyhinə törədilən cinayətlərlə və narkotiklərlə mübarizə işinin günün tələblərinə cavab vermədiyini nəzərə çatdırmışdır. O, belə vəziyyətin DİN rəhbərliyini ciddi narahat etdiyini, Kollegiya iclaslarında, həmçinin Bakı BPİ və ərazi polis orqanları rəhbərlərinin iştirakı ilə keçirilən naziryanı əməliyyat müşavirələrində dəfələrlə müzakirə və təhlil olunduğunu xatırlatmış, əməliyyat-xidməti fəaliyyətin bu və digər sahələrində ciddi dönüş yaradılmasını tələb etmişdir. Bildirilmişdir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə göstərici xatirinə deyil, ölkədəki mövcud vəziyyətə uyğun və digər xidmətlərlə qarşılıqlı əlaqədə aparılmalı, bu zaman əsas diqqət güclü təsirə malik narko-vəsaitlərin qanunsuz dövriyyədən çıxarılmasına, onu qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən şəxslərin müəyyən edilməsinə yönəldilməlidir.
Kriminogen durumun öyrənilməsi üzrə fəaliyyətin, konkret istiqamətlər üzrə analitik işin səviyyəsinin yüksəldilməsinin önəmini vurğulayan daxili işlər naziri Kollegiya qərarlarının icrası ilə bağlı fəaliyyətdə də əsaslı dönüş yaradılmasının, Baş İdarənin bu sahədə aparıcı rol oynamasının, yerlərə idarəçilik təsirini gücləndirməsinin zəruriliyini qeyd etmişdir. O demişdir ki, peşəkarlığın və fiziki hazırlığın artırılması, nizam-intizamın daha da gücləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin müasir forma və üsullarının mənimsənilməsi sahəsində Kollegiya qərarları, Daxili İşlər Nazirliyi rəhbərliyinin əmr və göstərişləri yüksək səviyyədə yerinə yetirilməli, qabaqcıl dünya təcrübəsindən və informasiya texnologiyalarından səmərəli istifadə olunmalıdır. Asayiş keşikçilərinin davranışı, vətəndaşlarla nəzakətli rəftarı, qanunçuluğa ciddi riayət etmələri cəmiyyətdə polisə olan inamı və etimadı artırır, polis-vətəndaş münasibətlərinin daha da yaxınlaşmasında önəmli rol oynayır.
Çıxışının sonunda general-polkovnik Ramil Usubov əmin olduğunu bildirmişdir ki, Bakı Baş Polis İdarəsinin şəxsi heyəti cinayətkarlıqla mübarizə və ictimai qaydanın nümunəvi qorunması sahəsində öz səylərini bundan sonra da əsirgəməyəcək, paytaxtda asayişin və əmin-amanlığın etibarlı təmini istiqamətində qarşıya qoyulan bütün vəzifə və tapşırıqları layiqincə yerinə yetirəcək, sabitliyin və təhlükəsizliyin keşiyində həmişə ayıq-sayıq dayanacaqdır.

O.M.