Bakı şəhər prokurorluğunun əməkdaşı prokurorluq orqanlarından xaric edildi

Bakı şəhər prokurorluğunun əməkdaşı prokurorluq orqanlarından xaric edildi

17 Yanvar 2012 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər prokurorluğunda keçirilən müşavirədə Bakı şəhər prokuroru Əziz Seyidov hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, ötən il şəhərin prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə sahəsində şəhərin digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bir sıra tədbirlər həyata keçirilərək müəyyən nəticələr əldə edilib.

Ə.Seyidov həmçinin bildirib ki, şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına ciddi əməl etmələri tələb edib. Vurğulayıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə, şəhər prokurorluğunun 20 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 1 əməkdaş prokurorluq orqanlarından xaric edilib.
Müşavirədə görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.

O.M.