Azərbaycanda 89 adda reket mətbuatı var

Azərbaycanda 89 adda reket mətbuatı var

12 Yanvar 2012 13:18
Bəyəndim (0) Bəyənmədim (0)

Mətbuat Şurasının sədri Əflatun Amaşov qurumun 2011-ci ildə gördüyü işlərə dair keçirilən hesabat konfransında bildirib ki, Mətbuat Şurası 2011-ci ildə "reket jurnalistika"ya qarşı mübarizəni 2 əsas istiqamətdə aparıb. Bunlardan birincisi "reket nəşr"lərin elan olunması, adlarının ictimaiyyətə çatdırılması, ikincisi, onlara qarşı ictimai qınağın fəallaşdırılmasıdır: "Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti Şuranın Şikayətlər üzrə Komissiyasının və "Reket jurnalistikaya" qarşı mübarizə Komissiyasının təqdimatı əsasında il ərzində 4 dəfə "reket nəşr"lərin adlarını açıqlayıb. 2011-ci ilin yekunlarına əsasən "qara siyahı"da yer alan KİV-in ümumi sayı 89-dur. Mətbuatın "qara siyahı"sı tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrində dərc edilib".

Ə. Amaşov qeyd edib ki, "reket nəşr"lərə qarşı ictimai qınağın fəallaşdırılması məqsədilə ölkədə fəaliyyət göstərən mətbəələrə və yayım firmalarına məktublar göndərib: "Həmin məktublarda bildirilib ki, "qara siyahı"dakı KİV-lə bağlı tədbirin görülməsində həmin KİV-in "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"na məhəl qoymamaqları, etik prinsiplər və peşə əxlaqı ilə bir araya sığmayan hərəkətlərə yol vermələri, barələrindəki qərar və rəylərdən, tövsiyə və iradlardan nəticə çıxarmamaqları əsas götürülüb. Həmçinin KİV-lə əməkdaşlıq qurularkən bu faktların nəzərə alınması tövsiyə edilib".

O.M.