Məcburi köçkün jurnalistlər Ermənistanı Avropa Məhkəməsinə verirlər

Məcburi köçkün jurnalistlər Ermənistanı Avropa Məhkəməsinə verirlər

11 Yanvar 2012 16:20
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində məcburi köçkün düşmüş bir qrup azərbaycanlı jurnalist Ermənistan dövlətini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə verir. Jurnalistlər Xalid Asif oğlu Kazımlı, Xalid Vahid oğlu Kazımov, Etibar Seyidağa, Seymur Verdizadə, Məhəbbət Orucov, Aynur Elgünəş, Sevil Hilalqızı, Samir Kazımlı Ermənistan dövlətinin tarixi Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan Qarabağ rayonlarını işğal etməsi nəticəsində onların mülkiyyət, yaşayış, təhsil və digər hüquqlarını zorakılıqla pozduğunu, maddi və mənəvi zərbəyə məruz qoyduğunu əsas göstərirlər. Təşəbbüsün müəlliflərindən biri Xalid Kazımlı bildirib ki, əslində, onlar bu barədə ötən ilin əvvəlindən düşünürmüşlər: "Müxtəlif səbəblərdən, həm də ən ümdəsi, iddianın perspektivinə olan şübhəmizin artıqlığından biz bu təşəbbüsü təxirə saldıq. Ancaq bu günlərdə bir qrup Laçın sakininin müvafiq iddiasının Avropa Məhkəməsində icraata qəbul olunduğunu bildikdə yenidən bir araya gəldik və məsələni reallaşdırmaq qərarı verdik. Ermənistan ordusu bu sənədə imza atan hər bir şəxsin atasının və özünün evini yandırıb, mülkiyyətini tar-mar edib. 21-ci əsrdə bu kimi cinayəti edənlər cəzasız qala bilməz. Əgər sabah Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalansa da, evlərimiz yenidən tikilib özümüzə qaytarılsa da, doğma yurdumuzdan kənarda məruz qaldığımız sıxıntıları, çəkdiyimiz iztirabları heç nə ilə kompensasiya etmək mümkün deyil".

Yaxın günlərdə Avropa Məhkəməsinə rəsmi şikayət ünvanlacaq. Şikayətdə jurnalistlər məhkəmədən Ermənistanın onların hüquqlarını pozduğunun, işğalçılıq etməsinin təsdiqlənməsini xahiş edəcəklər. Eyni zamanda Ermənistandan buna görə təzminat ödənməsi istəniləcək. İddia ərizəsi İnsan Hüquqları və Əsas Azadlıqlar haqqında Avropa Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) və digər maddələrinə əsaslanır. İddiaçılar, həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını ərizədə qeyd edəcəklər. Jurnalistlərin şikayəti ilə bağlı sənədləşmə işlərini Media Hüquq İnstitutunun rəhbəri Rəşid Hacılı öhdəsinə götürüb.

O.M.