Ankaranın Paris prospekti Əlcəzair adlanacaq

Ankaranın Paris prospekti Əlcəzair adlanacaq

10 Yanvar 2012 18:28
Bəyəndim (0) Bəyənmədim (0)
Fransa səfirliyinin binası ilə üz-üzə Əlcəzair soyqırımının abidəsi ucaldılacaq

Fransa parlamentinin "erməni soyqırımı"nın inkarını kriminallaşdıran məlum qanun layihəsindən sonra Ankara şəhərinin rəhbərliyi adekvat addım atıb. Daha doğrusu, şəhərdəki Paris prospektinin adını Əlcəzairlə əvəzləyib. Anadolu agentliyinin məlumatına görə, bununla yanaşı məşhur Fransa generalı Şarl de Qol adına küçə də Əlcəzair qəhrəmanlarının birinin adını daşıyacaq. Daha əvvəl şəhər rəhbərliyi Fransanın Türkiyə elçiliyi binası qarşısında Əlcəzair soyqırımını simvolizə edən heykəl ucaltmaq fikrində olduğunu bildirmişdi.

Xatırladaq ki, ötən il 22 dekabr günü Fransa parlamenti məlum qanun layihəsini qəbul edib. Layihənin müddəalarına görə, "erməni soyqırımı"nı inkar edən şəxsləri azı 1 il həbs cəzası və 45000 avro cərimə gözləyir.

Bunun ardınca Türkiyənin Baş naziri R.T.Ərdoğan fransızları 20-ci əsrin ortalarında Əlcəzair xalqını kütləvi şəkildə qətl etməkdə ittiham edib. Belə ki, 1945-ci ildə fransızlar tərəfindən əlcəzairlilərin 15%-i məhv edilib.

O.M.