Azərbaycanda qeydiyyatda 488 min 551 nəfər əlil var

Azərbaycanda qeydiyyatda 488 min 551 nəfər əlil var

1 Yanvar 2011 00:00
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Əlil Təşkilatları İttifaqı məlumat verir ki, hazırda ölkədə 488 min 551 nəfər əlil kimi qeydiyyatdan keçib. Onlardan 60 minə yaxını uşaqlardır. Dünyanın əksər ölkələrində əlillərin sayı yerli əhali ilə nisbətdə 10-15 faiz olduğu halda, Azərbaycanda bu rəqəm 5 faizdən artıq deyil.

İttifaq sədri Davud Rəhimli dövlət qurumları tərəfindən əlillərin hüquqları və reabilitasiyası ilə bağlı müvafiq işlərin görüldüyünü bildirib: "Əlbəttə, hökumət əlillərin reabilitasiyası ilə bağlı müvafiq işlər həyata keçirir. Bu yöndə mərkəzlər, internat məktəblər fəaliyyət göstərir. Lakin reabilitasiyada yalnız tibbi istiqamət nəzərdə tutulur. Bu isə düzgün deyil. Təəssüf ki, ölkədəki reabilitasiyanı tam mənada özündə əks etdirən mərkəzlər fəaliyyət göstərmir. Reabilitasiya çox geniş bir məfhumdur, burada insanla bağlı bir çox məqamlar yer almalıdır. Təqdirəlayiq haldır ki, Milli Məclisdə bununla bağlı qanunvericilikdə dəyişikliklər olunması nəzərdə tutulur". D.Rəhimli onu da deyib ki, sədri olduğu təşkilat Dövlət Arxitektura Komitəsinə və Ombudsmana şəhərsalmada, tikinti işləri aparılan zaman əlillərin nəzərə alınması barədə təlimat təqdim edib.

O.M.