Azərbaycanda 3135 nəfərdən çox adamda QİÇS aşkar edilib

Azərbaycanda 3135 nəfərdən çox adamda QİÇS aşkar edilib

30 Noyabr 2011 20:36
1 218
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Həmkarlar İttifaqı Komitəsi Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı tədbir keçirib. Tədbirdə Azərbaycanın Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri Araz Əliquliyev, BMT-nin HİV/AİDS proqramının (UN AIDS) Azərbaycan nümayəndəliyinin rəhbəri Cəmilə Cərrahova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təmsilçisi Qafar Əsgərzadə, Respublika QİÇS-lə mübarizə mərkəzinin həkimi Dilşad Mahmudova, ADİU-nun gender məsələləri komissiyasının sədri Diana Cəfərova çıxış ediblər.

C. Cərrahova bildirib ki, UN AİDS-in 2010-cu il Qlobal hesabatına əsasən, 2009-cu ilin sonuna qədər yer kürəsində QİCS-lə yaşayan insanların sayı 33,3 milyon nəfər olub: "Bunlardan 370 min uşaqdır ki, onların da 260 mini vəfat edib. HİV-ə yoluxanların 52%-ni qadınlar təşkil edir".
D. Mahmudova deyib ki, HİV-ə yoluxma Azərbaycanda ilk dəfə 1997-ci ildə aşkar edilib: "Artıq hər il 450 xəstə tərəfimizdən qeydiyyata alınır. Bu ilin oktyabrın 1-dək Azərbaycanda 3135 nəfərdə bu xəstəlik aşkar edilib. Xəstəliyin geniş yayılmasına səbəb nizamsız həyat tərzi, narkotik vasitələrə aludə olmaqdır".
A. Əliquliyev qeyd edib ki, narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görülməsinə baxmayaraq, hələ də bunun qarşısını tam almaq mümkün olmayıb. Onun sözlərinə görə, Azərbaycanda narkotik vasitələrin istifadəçilərinin sayı rəsmi statistikada göstəriləndən dəfələrlə çoxdur.
Qeyd edək ki, hazırda Azərbaycanda rəsmi qeydiyyatda 26 minə yaxın narkotik istifadəçisi var.

O.M.