Azərbaycan daha bir mötəbər beynəlxalq təşkilatın rəhbər orqanına seçildi

Azərbaycan daha bir mötəbər beynəlxalq təşkilatın rəhbər orqanına seçildi

29 Noyabr 2011 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

İndoneziyanın Bali adasında keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti altıncı sessiyasının sonuncu günündə - noyabrın 29-da Komitənin yeni prezidenti, dörd vitse-prezidenti və məruzəçisinin seçkiləri olub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyindən bildirilib ki, Qrenada Komitənin sədri, Azərbaycan, İran İslam Respublikası, Madaqaskar və Mərakeş vitse-prezident, İspaniya isə Komitənin məruzəçisi seçilib. İclasda qərara alınıb ki, Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti yeddinci sessiyası Qrenadada keçiriləcək.

Bununla yanaşı, Komitənin sessiyasında 27 digər qeyri-hökumət təşkilatı ilə birgə Azərbaycanın iki qeyri-hökumət təşkilatının (Azərbaycan Xalçaçılar Birliyi və Musiqi Dünyası İctimai Birliyi) akkreditasiya edilməsi tövsiyə edilib. QHT-lərin akkreditasiyası 2012-ci ildə keçiriləcək. Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Konvensiyanın İştirakçı Dövlətlərinin Baş Assambleyasının dördüncü sessiyası zamanı həyata keçiriləcək.

O.M.