Bakıda və Abşeronda FEVRAL ayının havası müşahidə edilir

Bakıda və Abşeronda FEVRAL ayının havası müşahidə edilir

13 Mart 2018 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda və Abşeron yarımadasında hazırda müşahidə edilən hava şəraiti fevral ayının III ongünlüyü və mart ayının ilk günləri üçün uyğundur.

Bunu Trend-ə Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, hazırkı soyuq hava şəraiti fevral ayının III ongünlüyündə və mart ayının 10-dək müşahidə edilsəydi, normal qarşılana bilərdi.

M.Həsənov qeyd edib ki, Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında martın I ongünlüyündə havanın temperaturunun 12-15 dərəcə isti olması, sonra isə qəfildən 7 dərəcə enməsi mənfi hal sayılır:

"Hazırkı hava şəraitini tərəddüdlü hava şəraiti saymaq olar. Hava şəraiti bir temp üzrə getmir. Hazırda həm temperatur, həm yağıntı, həm rütubət, həm də atmosfer təzyiqi normadan bir qədər kənara çıxıb. Temperaturlar gah artır, gah da azalır. Düzdür ki, mart üçün dəyişkən hava şəraiti səciyyəvidir. Martda hava gah isti, gah da soyuq olur. Amma mart ayında 1, 2 gün ərzində havanın temperaturunun birdən-birə 5-7 dərəcə enməsi normadan kənara çıxmadır. Temperaturun 2-3 dərəcə enməsi isə qəbulediləndir".

M.Həsənov qeyd edib ki, martın hazırkı dövründə soyuq hava şəraitinin müşahidə edilməsi hər il olmasa da, bəzi illərdə qeydə alınıb.

Onun sözlərinə görə, havanın soyuması daha çox hazırda çiçəkləmə mərhələsində olan çəyirdəkli meyvələrin ağaclarına mənfi təsir göstərəcək.

İnstitutun direktor müavini bildirib ki, belə hava şəraiti bir necə gün də davam etsə, onların çiçəkləri tozlanmadan məhv ola bilər:

"Bu isə o deməkdir ki, məhsuldarlıq olmayacaq, olsa da, çox aşağı səviyyədə olacaq. Belə hava şəraiti insan səhhətinə də çox mənfi təsir göstərir. Ümumiyyətlə, temperaturun tez-tez dəyişməsinin - yüksəlib, sonra qəfildən düşməsinin mənfi təsirləri çoxdur".

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında martın 9-dan havanın temperaturu ötən günlərlə müqayisədə 5-7, rayonlarda müqayisədə 5-8 dərəcə aşağı enib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində sulu qar yağacağı gözlənilir. Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 5-8, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Havanın temperaturunun gecə 0-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir. Martın 14-15-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.