"Biz dua edirik ki, iki xalq arasında münasibətlər addım-addım yaxşıya doğru dəyişsin"

"Biz dua edirik ki, iki xalq arasında münasibətlər addım-addım yaxşıya doğru dəyişsin"

28 Noyabr 2011 16:44
Bəyəndim (0) Bəyənmədim (0)

MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin Ermənistanda keçirilən iclasının yekunu əsasında bütün ermənilərin katalikosu II Qaregin, Moskva və bütün Rusiyanın patriarxı Kirill və Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə tərəfindən Bəyannamə imzalanıb. "Novosti-Armeniya" agentliyinin məlumatına görə, Bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi vurğulanır. Patriarx Kirill bildirib ki, tərəflər Minsk Qrupunun səylərini dəstəklədiklərini bəyan ediblər: "Biz güc tətbiq etməmək rejiminin dəstəklənməsinin vacibliyindən danışırıq. Bu, insanların Qarabağ probleminin dinc yolla həllinə nikbinliklə baxmasına imkan verir". Pravoslav lider xatırladıb ki, daha əvvəl dini liderlər əsirlərin və ölənlərin meyitlərinin qaytarılması təşəbbüsü ilə çıxış etmişdilər: "Biz bu təşəbbüsə təmas xəttində qan tökülməməsi və ölümlərin olmaması üçün snayperlərin ön xətdən geri çəkilməsi ilə bağlı iki ölkə rəhbərliyinə təkidli müraciətimizi də əlavə edirik. Güc tətbiqindən imtina bu vacib tədbiri də ehtiva etməlidir".

Patriarxın fikrincə, qan tökülməsi dayanarsa, mənəvi-psixoloji atmosfer də dəyişər və problemin dinc yolla həli üçün yeni perspektivlər açılar: "Biz danışıqlar prosesində Ermənistan və Azərbaycan rəhbərlərinin iştirakına hörmətlə yanaşırıq və dua edirik ki, iki ölkə rəhbərliyi, eləcə də iki xalq arasında münasibətlər addım-addım yaxşıya doğru dəyişsin".

O.M.