Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin bir qrup üzvü qurumun rəhbərliyini ittiham etdi

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin bir qrup üzvü qurumun rəhbərliyini ittiham etdi

15 Noyabr 2011 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Gözdən Əlillər Cəmiyyətində (AÇƏC) baş verən neqativ halların müzakirəsinə həsr olunan mətbuat konfransı keçirilib. Tədbirdə cəmiyyətin üzvləri Tofiq Qocayev və Kifayət Mürsəliyeva çıxış ediblər. Natiqlər bildirib ki, cəmiyyətin balansında olan istehsal müəssisələri, klublar, mədəniyyət evləri qanunsuz olaraq mülki şəxslərə satılıb. Bakı şəhər icra hakimiyyəti tərəfindən AGƏC üçün inşa olunmuş binada cəmiyyətin üzvləri olmayan sağlam şəxslər saxta sənədlərlə mənzillər alıblar. Aidiyyəti orqanlara dəfələrlə müraciət olunmasına baxmayaraq heç bir tədbir görülməyib.

AGƏC prezidenti Simyar Abdullayev isə bildirib ki, bütün bu deyilənlər reallığı əks etdirmir: "Bir qrup şəxs tərəfindən öyrədilmiş bu insanlar maddi məqsəd güdürlər. Cəmiyyətin ünvanına qarşı söylənilən fikirlərlə razılaşmıram. Biz hər il Maliyyə və Ədliyyə Nazirliklərinə hesabat veririk. Prokurorluğun göstərişi ilə cəmiyyətimizdə Auditorlar Palatası tərəfindən 2 dəfə yoxlama aparılıb, heç bir nöqsan aşkar olunmayıb. Cəmiyyətimiz üçün 132 mənzilli bina tikilir ki, bu da dövlətin bizə göstərdiyi diqqətin nəticəsidir. Hal hazırda AGƏC-in 30 minə yaxın üzvü var ki, onların çox hissəsi cəmiyyətin işindən razıdır".

O.M.