Milli Məclisdə bir neçə qanuna dəyişiklik edildi
Milli Məclisin bu gün keçirilən iclasında bir sıra qanunlara dəyişikliklər təsdiq olunub. Öncə "Azərbaycan Respublikası hökuməti və Polşa Respublikası hökuməti arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında" Saziş müzakirəyə çıxarılaraq təsdiqlənib.
Daha sonra "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları
haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında",
Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən
əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"yə, "Penitensiar müəssisələrdə
cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanuna
dəyişikliklər təsdiqlənib.
Qeyd edək ki, adıçəkilən qanunlara dəyişikliklər azadlığın məhdudlaşdırılması
cəza növünün Cinayət Məcəlləsindən çıxarılması ilə bağlıdır.
Müzakirələrdə çıxış edən deputat Elmira Axundova ailənin tək övladlarının hərbi
xidmətdən azad olunması barədə qanunlara dəyişiklik edilib-edilməyəcəyi barədə
Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərova sual ünvanlayıb. Z. Əsgərov
bildirib ki, hazırda Müdafiə Nazirliyi, Prezident Administrasiyası və Milli
Məclisin əməkdaşlarının birgə təmsil olunduğu komissiya hərbi qanunvericiliyə
dəyişikliklər üzərində iş aparır. O, vaxtı yetişəndə bu da daxil olmaqla bir
sıra məsələlərlə bağlı qanunvericiliyə dəyişiklik ediləcəyini vurğulayıb.
O.M.