Cənubi azərbaycanlılar Azərbaycan prezidentinə müraciət etdilər

Cənubi azərbaycanlılar Azərbaycan prezidentinə müraciət etdilər

15 Noyabr 2011 13:07
Bəyəndim (0) Bəyənmədim (0)

İranda yaşayan bir qrup Azərbaycan türkü Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və Milli Məclisin sədri Oqtay Əsədova müraciət ediblər. APA-nın məlumatına görə, müraciətdə İranda yaşayan Azərbaycan türklərinin siyasi, iqtisadi və sosial vəziyyəti ilə bağlı mövcud durum, milli ayrı-seçkiliklə qarşılaşmaları, o cümlədən Güney Azərbaycan ərazisində yerləşən Urmiya gölünün quruması diqqətə çatdırılıb: "Bildiyiniz kimi, İranda yaşayan on milyonlarla Güney Azərbaycan türkü çoxlu sayda mədəni və iqtisadi problemlər yaşamaqda və ayrı-seçkiliyə məruz qalmaqdadır. Son illər içərisində isə Güney Azərbaycan elə bir ciddi problemlə qarşı-qarşıya buraxılıb ki, bu vəziyyət xalqımız üçün ölüm-qalım mücadiləsi halına gəlib. Bu problem Urmiya gölü məsələsidir. Təbii gözəllikləri ilə "Azərbaycan gəlini" adlandırılan Urmiya gölü bir neçə ildir quruma təhlükəsi ilə üz-üzə qalıb. Bir zamanlar dünyanın ikinci ən böyük duz gölü olan Urmiya gölünün artıq 60 faizi quruyub və sürətlə də qurumağa davam edir. Bununla da Güney Azərbaycanın tam ortasında böyük bir duz çölü yaranmaqdadır".

Müraciətdə qeyd olunub ki, milyardlarla ton duzu olan bir çölün yaranması Güney Azərbaycanın böyük bir qismini yaşanmaz hala gətirəcək və ekoloji problem yaradacaq: "Nəticədə xalqımızın böyük bir bölümü İranın orta və güney bölgələrinə köçməyə məcbur qalacaq. Bu isə vətənimizin xaraba qalması və xalqımızın yad ellərdə didərgin düşməsi deməkdir. Nə qədər İran dövləti bu problemin quraqlıq kimi təbii səbəblərdən ortaya çıxdığını iddia etsə də, mütəxəssislər bu məsələnin təbii yox, bəlkə daha çox süni səbəblərdən qaynaqlandığını irəli sürməkdədir. Bu günə qədər problemin həlli üçün hakimiyyət tərəfindən hər hansı addımın atılmaması bu qənaəti daha da gücləndirir".
Müraciətdə Azərbaycan rəhbərlərindən problemin həllində yardımçı olması istənilib: "Biz bir qrup Güney Azərbaycan türkü Sizə müraciət edərək xahiş edirik ki, Azərbaycan millətinin dünyadakı təmsilçisi kimi öz soydaşlarınızın müqəddəratına etinasız qalmayasınız və Urmiya gölü məsələsində insansevər və mədəni dəstəklərinizi bizdən əsirgəməyəsiniz. Xüsusilə Urmiya gölü məsələsinin dünya ictimaiyyətinə çıxarılmasında sizin rolunuz və dəstəyiniz son dərəcə önəmli və həyati olmaqla bərabər güneydəki bacı və qardaşlarınıza da böyük dayaq olacaq".

O.M.