"AKKORD" bizi işlədib, pulumuzu gizlədib!"

"AKKORD" bizi işlədib, pulumuzu gizlədib!"

12 Noyabr 2011 19:12
Bəyəndim (0) Bəyənmədim (0)
"AKKORD" şirkətlər qrupunun mərkəzi ofisinin qarşısında etiraz aksiyası keçiriləcək

"AKKORD" Sənaye Tikinti İnvestisiya Korporasiyasına daxil olan Qazax sement zavodunun keçmiş işçiləri şirkətin baş ofisi qarşısında etiraz aksiyası keçirəcəklər. Bu barədə Teleqraf.az-a aksiyanın təşkilatçıları məlumat verib. Qazax sement zavodunda işlədikləri müddət ərzində onlara verilən vəsaitin iş saatlarına uyğun olmadığını, şənbə, bazar və bayram günləri də işə cəlb olunduqlarını deyən fəhlələr bu vaxta qədər şirkətə və əlaqədar qurumlara göndərdikləri müraciətlərin cavabsız qaldığını bildiriblər: "Biz xeyli müddətdir ki, halal pulumuzu tələb edirik. "AKKORD"un məsul şəxsləri bizimlə görüşlərdə problemin yoluna qoyulacağını da bildiriblər. Lakin bu vaxta qədər ortada heç bir nəticə yoxdur. Artıq bizim etiraz aksiyalarına əl atmaqdan başqa çarəmiz qalmayıb". Fəhlələr onu da bildiriblər ki, etiraz aksiyası noyabrın 15-i saat 12:00-a planlaşdırılıb. Aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu da göndərilib. "Biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinə, beynəlxalq təşkilatlara, Kütləvi İnformasiya Vasitələrinə aksiya ilə bağlı müraciət hazırlamışıq. Qoy gəlib görsünlər ki, "AKKORD" bizim halal pulumuzu vermək istəmir" deyə, fəhlələr bildiriblər. Qeyd edək ki, təşkilatçılar aksiyanın şüarını da müəyyənləşdiriblər - "AKKORD" bizi işlədib, pulumuzu gizlədib!" Qeyd edək ki, hazırda Nərimanov rayon məhkəməsində keçmiş işçilərlə "AKKORD"un məhkəməsi davam edir.

O.M.