Prezident fondunun 27 milyon manatı hesabına tikilən xəstəxana istifadəyə verilməmiş uçdu

Prezident fondunun 27 milyon manatı hesabına tikilən xəstəxana istifadəyə verilməmiş uçdu

11 Noyabr 2011 16:01
Bəyəndim (0) Bəyənmədim (0)
Ağdamdakı son hadisə Səhiyyə Nazirliyini və RİH-ni bərk narahat edir

Ağdam rayonunun Quzanlı qəsəbəsində yenicə tikilmiş və yaxın zamanlarda prezident tərəfindən açılması planlaşdırılan xəstəxana uçub. Bu barədə pia.az saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, xəstəxananın tikilişi dövlətə 27 milyon manata başa gəlib. Bu layihəni səhiyyə naziri Oqtay Şirəliyevə yaxınlığı olduğu bildirilən "Visel" şirkəti həyata keçirib. Həmin şirkətə Tahir adlı şəxsin rəhbərlik etdiyi bildirilir.

Məlumatı verən mənbənin sözlərinə görə, doğum evi və uşaq poliklinikasından ibarət olan həmin xəstəxananın arxa hissəsi hələ tikinti işləri başa çatmamış çökübmüş. Bundan isə həmin vaxtlar tikintinin divarında çatlar əmələ gəlibmiş. Buna baxmayaraq, kosmetik bərpa işləri aparıldıqdan sonra tikinti işləri "uğurla" başa çatdırılıb.
Mənbənin bildirdiyinə görə, bir neçə gün əvvəl isə hələ də istifadəyə verilməyən, lakin gələn həftə prezident tərəfindən açılacaq olan xəstəxana binasının hər iki girişi uçub və divarlarda ciddi çatlar əmələ gəlib. Nəticədə xəstəxananın inşasına sərf olunan 27 milyon manat havaya sovrulub. Məlumata görə, "Visel" şirkəti inşa işlərini keyfiyyətsiz həyata keçirib.
Onu da deyək ki, Quzanlıdakı yeni xəstəxananın bu vəziyyətdə prezident tərəfindən açılması mümkün deyil. Ölkə başçısının Ağdama səfəri çərçivəsində xəstəxananın açılışında iştirak etməsi nəzərdə tutulduğu üçün bu proqram təxirə salına bilməz. Ağdam Rayon İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi isə proqrama müdaxilə etmək hüququna malik deyil. Bu səbəbdən Ağdam RİH-də və Səhiyyə Nazirliyində hər kəs çaşqın vəziyyətdədir.
Məlumat üçün bildirək ki, prezident İlham Əliyevin "Ağdam rayonunda əhalinin səhiyyə xidməti ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2009-cı il, 25 noyabr tarixli sərəncamına uyğun olaraq Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitlə rayonun Quzanlıda yeni uşaq xəstəxanasının və doğum evinin tikilməsinə göstəriş verilib. Bu ilin sonunda uşaq xəstəxanası və doğum evinin istifadəyə veriləcəyi nəzərdə tutulurdu.

O.M.