M.K.Atatürk 73 ildir aramızda yoxdur

M.K.Atatürk 73 ildir aramızda yoxdur

10 Noyabr 2011 16:01
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün Atatürkün əbədiyyətə qovuşduğu gündür

Bu gün Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün əbədiyyətə qovuşduğu gündür. O, bir çox tarixi qərarları ilə şanlı səhifələrə imza ata bilib. 1 noyabr 1922-ci ildə sultanlığı ləğv edib, 29 oktyabr 1923-cü ildə respublika idarə üsulunu tətbiq edib, 3 mart 1924-cü ildə xilafəti aradan götürüb, sivil qaydaları tətbiq edib, dərviş ordenlərini yığışdırıb, 1925-ci ildə geyim islahatı aparıb, 1926-cı ildə əlifbanı dəyişib və yeni Cinayət Məcəlləsini tətbiq etməyə başlayıb, 1928-ci ildə dinlə siyasətin ayrı olduğunu elan edib, 1934-cü ildə feodalizmin qalıqlarını aradan qaldırmaq məqsədilə yeni soyadları təklif edib, bir sözlə, bugünkü Türkiyənin təməlini qoyub.

Mustafa Kamal Atatürk 1881-ci ildə Yunanıstanın Selanik şəhərində anadan olub. Osmanlı imperiyası dövründə yüksək rütbəli zabit olan Mustafa Kamal 1919-cu ildə başlayan Milli Müqavimət Hərəkatına rəhbərlik edib, xarici işğalçılarla apardığı müharibədə əhəmiyyətli uğurlara imza atıb, ölkəsinin iri şəhərlərini işğaldan azad edib, müasir Türkiyə Cümhuriyyətinin sərhədlərini müəyyənləşdirib.

1921-ci ildə tarixli Sakarya döyüşündən sonra Mustafa Kamal "Qazi" adını alıb və marşal rütbəsinə qədər yüksəlib. 1938-ci ildəki vəfatına qədər 4 dəfə prezident seçilən Atatürk bu vəzifəni ən uzun müddət icra edən dövlət başçısı olub.

M.K.Atatürk demişdir: "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir"..

Hafiz Əhmədov

O.M.