"Baku" jurnalının ingilis versiyasının bir neçə təqdimetmə mərasimi keçiriləcək

"Baku" jurnalının ingilis versiyasının bir neçə təqdimetmə mərasimi keçiriləcək

10 Noyabr 2011 15:33
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın paytaxtı Moskva şəhərində "Baku" jurnalının ingilis dilli versiyasının təqdimetmə mərasiminə həsr olunan mətbuat konfransı keçirilib. Mətbuat konfransında jurnalın baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycan Gəncləri Təşkilatının (RAGT) sədri Leyla Əliyeva və İTAR-TASS xəbər agentliyinin direktor müavini Mixail Qusman iştirak ediblər. M.Qusman çıxışında "Baku" jurnalının rus dili versiyasının artıq öz oxucularını tapdığını söyləyərək deyib: "Jurnalın ingilis dilli versiyasının da bu uğuru əldə edəcəyinə əminəm".

Leyla Əliyeva "Baku" jurnalının rus dili versiyasının artıq 4 ildir çap olunduğunu söyləyib: "Jurnalın ingilis dilli versiyasının birinci nömrəsi çapdan çıxıb. Bu versiyanı çap etmək asan olmayıb, bu iş 4 il vaxt aparıb. İngilis dilli versiya rus dilli versiyanın təkrarı, yəni tərcüməsi deyil. Tərcüməsi olsaydı, onda asan olardı. İnanırıq ki, bu versiya da rus dilli versiya kimi uğurlu olacaq". Leyla Əliyeva dünyanın bir çox şəhərlərində jurnalın ingilis dilli versiyasının təqdimetmə mərasimini keçirəcəklərini söyləyib. O, bu şəhərlər arasında Nyu-York, Berlin, Roma və Paris kimi şəhərlərin olacağını bildirib: "Jurnalın rus versiyası Estoniyada, ingilis dilli versiyası isə Londonun "Conde Nast" nəşriyyat evində çap olunur". Leyla Əliyeva dünyanın məşhur dizayner, rəssam və fotoqrafları ilə əməkdaşlıq etdiklərini söyləyib: "Jurnalın məqsədi ingilisdilli oxucunu yalnız Xəzər sahillərindəki qədim Odlar Yurdunun qədim mədəniyyəti, zəngin tarixi, gözəl və müdrik adətləri ilə tanış etmək deyil, həm də azərbaycanlıların müasir həyatı haqqında məlumatlandırmaqdan ibarətdir. "Baku" jurnalı dünyaya Azərbaycanı və onun paytaxtını yenidən kəşf etməkdə, onun xalqının ən gizli və yaxşı cəhətlərini üzə çıxarmaqda kömək edəcək".
Leyla Əliyeva "Baku" jurnalının mart ayı buraxılışının Bakıda keçiriləcək "Eurovision" musiqi müsabiqəsinə həsr olunacağını bildirib. Onun sözlərinə görə, bu yarışmanı izləməyə gələn xarici ölkə vətəndaşları jurnal vasitəsi ilə Azərbaycanla əvvəldən tanış ola biləcəklər.
Qeyd edək ki, "Baku" jurnalının ingilis dilli versiyasının təqdimat mərasimi sabah Moskvada "ART Muzey Multimedia"da keçiriləcək.

"Baku" jurnalı ölkəmizin virtual qapısı olacaq...

Hafiz Əhmədov

O.M.