MM deputatı: "Mənim qardaşım heç kəsi aldatmayıb"

MM deputatı: "Mənim qardaşım heç kəsi aldatmayıb"

10 Noyabr 2011 15:03
Bəyəndim (0) Bəyənmədim (0)
Milli Məclisin deputatı jurnalistlərdən gileyləndi

"Mənim qardaşım heç kəsi aldatmayıb. Bu məlumatı mətbuata ötürən adam yalan danışır. Qəzetlər də hər şeyi yazır. Daha dəqiqləşdirmirlər ki, nə yazırlar. Belə olmaz ki". Bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Əsabil Qasımov deyib.

Qeyd edək ki, bugünlərdə mətbuatda, o cümlədən "Yeni Müsavat" qəzetində "Deputatın bina tikən qardaşı vətəndaşları aldadıb" başlıqlı yazı dərc edilmişdi. Bildirilirdi ki, "Yenilik" Mənzil Tikinti Kooperativinə (MTK) məxsus Bakı şəhəri, Xətai rayonu Neapol küçəsi 2348-ci məhəllədəki binanın sakinləri alqı-satqı müqaviləsinin tələblərinə hələ də əməl edilməməsindən şikayətçidirlər. Həmin yaşayış kompleksinin sakinlərindən olan Samir İsmayıl mətbuata ünvanladığı məktubunda bildirib ki, o, 2004-cü ildə sözügedən MTK-dan mənzil alıb. Alqı-satqı müqaviləsində MTK-nın binanı qazla təmin edəcəyi, mənzilə PVC tipli metalloplastik pəncərələr quraşdıracağına dair bənd olsa da, hələ də məsələ həll edilməmiş qalıb: "2007-ci ilin sentyabr ayından mənzilə köçsəm də, "Yenilik" MTK tərəfindən müqavilənin göstərilən 1.2-ci bəndinə indiyədək əməl edilməyib, binaya qaz verilmir, pəncərələr, giriş qapısı istifadəyə yararsızdır". S.İsmayıl yazır ki, "Yenilik" MTK-nın rəhbəri Milli Məclisin üzvü Əsabil Qasımovun qardaşıdır. Onun sözlərinə görə, üzləşdiyi vəziyyətlə bağlı məhkəməyə müraciət etsə də, bu məsələni həll edə bilmir: "Məhkəmələr bir qayda olaraq ya vətəndaşların hüququnu pozan MTK-nın tərəfini tutur, ya da ki süründürməçiliyə yol verir".
Ə.Qasımov əvvəlcə bu tikinti şirkətinin qardaşına məxsus olduğunu təsdiqləsə də, sonradan qardaşının nə işlə məşğul olduğunu söyləmədi. ""Yenilik" MTK-nın rəhbəri olan qardaşınızın adı nədir" sualına cavabında "mənim özümdən başqa altı qardaşım var. Onların nə işlə məşğul olduqlarını da bilmirəm. Yalnız onu bilirəm ki, özəl bizneslə məşğuldurlar, heç biri dövlət işində çalışmır" söylədi. Ə.Qasımov bildirdi ki, qardaşının hansısa əməlinə görə o, məsuliyyət daşımır: "Mən başa düşə bilmirəm ki, siz niyə mənə zəng etmisiniz? Məgər qardaşımın yerinə mən cavab verməliyəm? Mətbuat dəfələrlə mənim haqqımda yalan məlumatlar yazıb. Yaxşı olar ki, həmin məlumatlarla bağlı mənim mövqeyimi öyrənəsiniz. Mənim qardaşlarım barədə məlumatım yoxdur. Hamısı öz işindədir".

Eviniz tikilsin, ay jurnalistlər, mətbuat üçün tikilən binada...

Sərvər Aslanov

O.M.