Türkiyə mətbuatı Şah İsmayılın babasını təhqir etdi

Türkiyə mətbuatı Şah İsmayılın babasını təhqir etdi

10 Noyabr 2011 14:15
Bəyəndim (0) Bəyənmədim (0)
Köşə yazarı Ağqoyunluları qoyun adlandırdı

"Hürriyet" qəzetinin tanınmış yazarlarından olan Yılmaz Özdil Azərbaycanın qədim Ağqoyunlu dövləti ilə bağlı köşə yazısında ağqoyunluları və Uzun Həsəni təhqir edib. "Qafqazinfo"nun məlumatına görə, köşə yazarı ağqoyunluları "qoyun" və "xaraktersiz" adlandırıb: "Xaraktersiz xarakterə sahib idilər, hara çəksən ora da gedərdilər. İki qoyunu güdə bilməyəni bəyənməz, güdülməyi və güdəni sevərdilər. Guya əslən türk idilər, amma ərəb təsiri altında idilər. O qədər "müstəqil" idilər ki, ərəbcə kölə anlamına gələn Məmlüklərin əsarətinə girdilər. Azad yaşamaqdansa aləmin köləsinə "qul"luq etməyi seçdilər".

Ağqoyunluları əllərində keçən hər fürsətdə məmləkəti satmaqda ittiham edən yazar onların Anadolu torpaqlarında gözü olan bütün yadellilərin yanında olduğunu yazıb: "Məsələn, Ankara savaşında Teymurun gəldiyini görəndə onun tərəfinə keçdilər, milləti kürəyindən xəncərlədilər. Sırf öz mənfəətlərini düşündülər... Güc başqasında ikən qoyun kimi boyunlarını bükdülər, məzlum-məzlum aman dilədilər. Güc bunlar tərəfində keçəndə isə sanki aslandırlar, kükrədilər, dişlədilər... Vəziyyətə görə, bəzən qoyun postunda qurd oldular, bəzən isə qurban rolunda qəssab".
Ağqoyunluların tanınmış lideri Uzun Həsənlə bağlı isə onun tarixçilərin dedikləri kimi "uzun " biri olmadığını deyən Özdil Harbiye muzeyində ona aid zirehli köynəyin 1.65 ölçülərində bir adama daha çox uyğun gəldiyini vurğulayıb: "O köynəyi geyinsə-geyinsə 1.65 boyunda biri geyinə bilər, 1.70-lik sığmaz. Gör ki, hərifin ləqəbi uzun... Çünki yaltaq idilər. Sürünün başına kim keçsəydi onu tərifləyərdilər, belə uzunsan, belə qüvvətlisən, belə yaraşıqlısan deyə".
"Gəlimli gedimli zamandır, Sultan Süleymana belə qalmadı, bunlaramı qalacaqdı, təbii ki yıxıldılar".

Tarix onu yazanların deyil, yozanlarındır...

Fuad Borçalı

O.M.