İranla Suriya Türkiyəni bombalamaq barədə razılaşıblar

İranla Suriya Türkiyəni bombalamaq barədə razılaşıblar

7 Noyabr 2011 20:01
Bəyəndim (0) Bəyənmədim (0)
6 maddədən ibarət məxfi sənəd kəşfiyyatın əlinə keçib

Küveytin "Əl Siyasət" qəzetinin ABŞ mətbuatına istinadən yaydığı məlumata görə, Suriya və İran NATO qüvvələrinin gözlənilən hücumu zamanı Türkiyəyə əks zərbə endirmək barədə gizli razılığa gəliblər. Qəzet iddia edir ki, Avropa və ABŞ xüsusi xidmət orqanlarının əlinə 6 maddədən ibarət məxfi sənəd keçib. Sənəddə xarici hərbi müdaxilə zamanı Suriya və İranın əks hədəfləri göstərilir. Onların arasında Türkiyə də yer alır. Sənədin məzmunu belədir:

1. Eyni zamanda İraq, Suriya və İran istiqamətindən Türkiyəyə qarşı hücuma keçiləcək. Bu zaman hədəf ABŞ-ın həmin ölkədəki hərbi bazaları olacaq.

2. Həmas və İran İslam inqilabının mühafizə korpusu Qırmızı dənizdə Sueş kanalına hücum edəcəklər. Cənubdan isə Yəmən və Somali hücuma dəstək verəcək. Məqsəd NATO hərbi gəmilərinin hərəkətini məhdudlaşdırmaqdır.

3. Fars körfəzində İran İslam inqilabının mühafizə korpusu NATO gəmilərinə həmlə edəcək. Hizbullah və İranın nəzarətində olan Bəhreyn, Qətər və BƏƏ-dəki dini qruplaşmalar ABŞ hərbi bazalarına hücum edəcəklər.

4. İran kəşfiyyatı Əfqanıstandakı NATO-ya qarşı vuruşan qruplaşmalara fasiləsiz maliyyə yardımı edəcək.

5. Hizbullah təşkilatı Livandakı bütün dövlət qurumlarını ələ keçirərək, NATO hədəflərini atəşə tutacaq.

6. Həmas Qəzza Bölgəsindən İsraili raket atəşinə tutacaq. İsrail tərəfdən cavab atəşi açılacağı təqdirdə, Suriya ordusu fəal şəkildə münaqişəyə qoşulacaq.

"Əl Siyasət" qəzetinin məlumatında o da bildirilir ki, Suriya və İran ABŞ-Meksika sərhədində, Meksika körfəzində və Venesuelada da kəşfiyyat fəaliyyətini artırıb. Göründüyü kimi, totalitar rejimli imperiyalar Şərq üsyanlarından qorxuya düşərək, yeni cəbhə açmaq istəyirlər.

Ağacın kökünə qurd düşdüsə, nə etsən də, çürüyüb gedəcək…

Sərvər Aslanov

O.M.