Bu gün borclu abonentlərin işıqları kəsildi

Bu gün borclu abonentlərin işıqları kəsildi

7 Noyabr 2011 18:00
Bəyəndim (0) Bəyənmədim (0)
Bloklarda nömrələrini yazan işbaz elektriklər ilk qarı fürsət bildilər

Paytaxta ilk qarın yağması ilə bir sıra problemlər yarandı. Bakının Binəqədi, Nəsimi, Xətai, Yasamal rayonlarında, eləcə də Xırdalan şəhərində işığa borcu olan bəzi abonentlərin elektrik təchizatı dayandırıldı. Noyabr ayının 10-na qədər bank, poçt və digər maliyyə idarələrinin tətildə olduğunu nəzərə alsaq, problemin əhalinin haqlı narazılığına səbəb olduğunu görə bilərik. Problemin aktuallığını nəzərə alaraq, "Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətinin rəisi Tanrıverdi Mustafayevlə əlaqə yaratdıq. Xidmət rəisinin Oxumeni.az-a verdiyi məlumatda bildirilir ki, "Bakıelektrikşəbəkə" rəhbərliyi bayram öncəsi heç bir abonentin işığının kəsilməsi barədə göstəriş verməyib. Əksinə, havaların kəskin soyuması ilə əlaqədar müəssisənin əməkdaşları gücləndirilmiş və növbəli iş rejiminə keçiblər. Binəqədi, Xətai, Abşeron rayonlarında, eləcə də Zığ qəsəbəsində yaranmış qəza halları artıq aradan qaldırılıb. "Bakıelektrikşəbəkə"nin məqsədi çətin hava şəraitində əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin etməkdir.

Tanrıverdi Mustafayev mövcud kəsinti hallarının işbazlar tərəfindən həyata keçirildiyini söyləyərək, bunun divarlarda telefon nömrələri yazılmış elektriklər tərəfindən edilə biləcəyini ehtimal etdi: "Bayram günləri həyata keçirilən kəsinti hallarının bizim əməkdaşlarla heç bir əlaqəsi yoxdur. Bu cür hallar baş verərsə, dərhal ərazi üzrə işıq idarələrinə məlumat verilsin. Ümumiyyətlə, abonentlərdən xahiş olunur ki, bayramlar öncəsi elektrik enerjisinə olan qalıq borcları ödəsinlər. Onda işbazlara şərait yaranmış olmaz."

Ümumilikdə, şəbəkənin nümayəndəsi Bakının enerji təminatında ciddi problemlərin olmadığını, şəbəkənin normal fəaliyyət göstərdiyini bildirib.

Beləcə, aktual bir problemə işıq salmış olduq…

Fuad Borçalı

O.M.