98321 zəvvar Hacı olmadan Məkkədən qovuldu

98321 zəvvar Hacı olmadan Məkkədən qovuldu

6 Noyabr 2011 05:45
Bəyəndim (0) Bəyənmədim (0)
Onların arasında azərbaycanlıların olub-olmadığı hələlik bəlli deyil

Oxumeni.az-ın Səudiyyə Ərəbistanının Həcc Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Krallığın Daxili İşlər Nazirliyinin mətbuat katibi general mayor Mansur Əl Türki müqəddəs ziyarətə gəlmiş Zəvvarlar barədə dünən axşam saatlarında bəzi statistik məlumatları açıqladı. O jurnalistlərə bildirdi ki, 8 Zilhiccə 1432-ci ilə (5 noyabr 2011-ci ilə) olan statistik rəqəmlər onu deməyə əsas verir ki, bu ilki Həcc ziyarətinə rekord həddə - 160 ölkədən 2.5 milyondan çox zəvvar gəlib. Onlardan 1 820 484 nəfəri əcnəbi ölkələri təmsil edir, təxminən 700-800 min nəfər isə Səudiyyə Ərəbistanının vətəndaşlarıdır. General mayor Həcc qaydalarını pozduqlarına görə 98321 zəvvarın vaxtından əvvəl deportasiya olunduğunu da bildirdi. Ölkənin Səhiyyə Nazirliyinin rəsmisi Xaled Marğalani isə qeyd etdi ki, builki mərasimlərdə hələlik epidemioloji və karantin xəstəliklər müşahidə olunmayıb.

Qaydalara görə, hər bir müsəlman ölkəsinin 1 milyon əhalisinə 1000 kvota düşür ki, bu da ziyarətə ən çox indoneziyalıların gəlməsini təmin edib – 200 min zəvvar.
Səudiyyə Ərəbistanı hökuməti asayişin qorunması üçün 63000 polis, o cümlədən 3500 xüsusi təyinatlı, 22000 hərbçi, 450 zirehli texnika ayırıb. Baş məscidin ətrafında 1500 gizli kamera və ətraflarda 29 polis məntəqəsi sutka boyu fəaliyyət göstərir.

Səhiyyə işlərinə isə 20000 nəfər tibb işçisi və xilasedicilərlə dolu 5 vertolyot təhkim edilib.

Təxminən 12000 bələdçi-mütavif qadın və kişi zəvvarlara bələdçilik edəcək.

Xatırladaq ki, bir müddət əvvəl "The Middle East Times" qəzeti builki Həcc ziyarətinə çoxlu sayda Əl Qaidə üzvünün qatılacağını bildirmişdi və təhlükəsizlik tədbirlərinin artırılacağını proqnozlaşdırmışdı. Səudiyyə Krallığının Asayiş sözçüsü bu məlumatı təkzib etsə də, bu ilki təhlükəsizlik tədbirlərinin gücləndirildiyi danılmaz faktdır.

Yəqin ki, bu il Həcc ziyarətindən qovulanlar şeytana daş atmaq istəməyənlər olub…

Fuad Borçalı

O.M.