Ombudsman Qubadakı psixiatriya xəstəxanasında nöqsanlar aşkarlayıb

Ombudsman Qubadakı psixiatriya xəstəxanasında nöqsanlar aşkarlayıb

5 Noyabr 2011 17:20
Bəyəndim (0) Bəyənmədim (0)

Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan Müvəkkil Aparatının, habelə Quba regional mərkəzinin əməkdaşları ilə birgə Quba Rayonlararası Psixonevroloji Reabilitasiya Mərkəzinə başçəkmə həyata keçirib. Müvəkkil bu müəssisədəki inzibati otaqlara, müalicə və müayinə otaqlarına, palatalara, xəstələrin qaldığı otaqlara baxıb, burada saxlanılan və müalicə olunanların vəziyyəti ilə tanış olub.

E.Süleymanova xəstələrlə görüşüb, onların saxlanılma şəraitini, müayinə və müalicə prosesini öyrənib. Söhbət zamanı xəstələrlə rəftar, onların qidalanması, ərzaq məhsulları və dərman preparatları ilə təmini vəziyyəti də araşdırılıb. Müxtəlif məzmunlu məsələlərlə bağlı müraciət etmək istəyən xəstələr dinlənilib, onların problemləri öyrənilib. Eyni zamanda Ombudsman bu müəssisələrdə xəstələrə gündəlik qidalanma və dava-dərman üçün ayrılan vəsaitlə maraqlanıb.
Quba Rayonlararası Psixonevroloji Reabilitasiya Mərkəzinin direktoru Aydın Tahirov burada 110 xəstənin müalicə edildiyini bildirib. Monitorinq zamanı mərkəzin əsaslı təmirə ehtiyacı olduğu, bu müəssisədə 100 nəfər limit olduğu halda 110 xəstənin saxlandığı, dərman çatışmazlığının əsas problemlərdən olduğu, yataq dəstlərinin köhnəliyi, orta tibb işçilərinin çatışmazlığı və ya tam komplektləşdirilmədiyi müəyyən edilib. Ombudsman müəssisədəki problemləri diqqətdə saxlayacağını və bunların həlli ilə bağlı müvafiq dövlət orqanlarına müraciət edəcəyini bildirib.
Müəssisənin rəhbərliyi və tibb personalı, müalicə olunanlar buradakı vəziyyətlə daim maraqlandığına, müəssisəyə mütəmadi olaraq baş çəkdiyinə, problemlərin həllində yardımçı olduğuna görə Müvəkkilə minnətdarlığını bildiriblər.
Ombudsman baxış keçirilmiş müəssisələrdəki ayrı-ayrı xəstələrin müraciətlərini nəzərə alaraq, onların ailələri ilə əlaqə saxlayıb və xəstələrin müraciətlərini onlara çatdırıb.

Sağlam cəmiyyətdə xəstələr diqqət mərkəzində saxlanılır...

Hafiz Əhmədov

O.M.