Son illər Azərbaycanda yol qəzasında ölən jurnalistlər

Son illər Azərbaycanda yol qəzasında ölən jurnalistlər

28 Dekabr 2017 17:08
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda yol qəzaları mövzusuna yol polisləri qədər həssaslıq göstərən peşə sahiblərindən biri də jurnalistlərdir. Hadisə baş verən an ora yollanmaq, hadisənin təfərrüatlarını öyrənmək və sonda bu barədə məlumat yaymaq jurnalistlərin işidir. Jurnalistlərin yol qəzaları mövzusunda həssaslığına baxmayaraq, Azərbaycanda yol qəzasında dünyasını dəyişən bu peşə sahiblərinin sayı kifayət qədərdir.

Yol qəzasında dünyasını dəyişən şou-biznes nümayəndələri ilə bağlı çoxları məlumatlıdır. Odur ki,"Yeniavaz" olaraq bu dəfə yol qəzasında dünyasını dəyişən jurnalistlər barədə məlumatları toplamağa çalışdıq.

"Türküstan" qəzetinin redaktoru Fuad Əbdürrahmanlı yol qəzasında dünyasını dəyişib. Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 128-ci kilometrliyində, Şamaxının Mirikənd kəndi ərazisində baş vermişdi.

Tovuz rayonunda yerləşən "Türkel" televiziyasının direktor müavini İlqar Ağayev yol qəzası nəticəsində dünyasını dəyişib. Lakin o hadisə yerində yox, aldığı xəsarətlərdən bir müddət sonra ölüb.

Hadisə isə belə olmuşdu - İlqar Ağayevin idarə etdiyi "Hyundai Accent" markalı avtomobil Tovuz şəhərində "Mercedes"lə toqquşmuşdu. Nəticədə çəkilişdən qayıdan İ. Ağayevlə yanaşı, avtomobildə olan televiziyanın digər əməkdaşları - Yusifov Rauf Cəbrayıl oğlu və Tahirova Əminə Şahin qızı ağır dərəcəli bədən xəsarətləri almışdılar. Qəza baş verən zaman "Mercedes"in sürücüsü hadisə yerindən qaçmışdı. Lakin çox keçmədən o, müəyyənləşdirilmiş və sürücünün maşını sərxoş vəziyyətdə idarə etdiyi üzə çıxmışdı.

Bir neçə il öncə yol qəzası nəticəsində ölən tanınmış jurnalistlərdən biri də Şahin Ağabəylidir.

Hadisə Bakının Qaradağ rayonu ərazisində baş vermişdi.

Sabirabad rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində İTV-nin əməkdaşıTural Bağırov dünyasını dəyişib. Hadisə rayonun Kürkəndi kəndində baş verib. Belə ki, Samir Novruzova məxsus "NİSSAN" markalı minik avtomobil "TOFAŞ" markalı minik avtomobili ilə toqquşub. Nəticədə "NİSSAN" markalı avtomobilin mühərrik hissəsi yanıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat edib.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Nadir Köçərli də yol qəzası nəticəsində ölüb. Onun 24 yaşı var idi. N. Köçərli Xətai rayonunda şəxsi motosikleti ilə qəzaya düşüb.

"Həftə içi" qəzetinin bölgə müxbiri Məmmədli Səxavət Musa oğlu Şirvan şəhərində baş vermiş yol qəzasında dünyasını dəyişib. Hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində yaşanıb. SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən zaman onu vurub. Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib.

Sükan arxasında yox, piyada kimi vurulan və dünyasını dəyişən jurnalistlərdən digəri Sabit Məmmədovdur. O, gecə saatlarında yolu keçərkən Bayraq meydanının qarşısında "Daewoo" markalı avtomobillə vurulub. Xəstəxanaya yerləşdirilən S. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Sabit Məmmədov "Təzadlar" qəzetinin əməkdaşı idi.

Yolu keçmək istəyərkən avtomobillə vurularaq dünyasını dəyişən jurnalistlərdən biri də Murad İsmayılzadədir.

Ceyranbatan qəsəbəsinin ərazisində İsmayıl İsmayılov idarə etdiyi "KİA" markalı avtomobillə piyada Murad İsmayılzadəni vurub.

O, hadisə yerində ölüb. Murad İsmayılzadə "Səs" qəzetinin əməkdaşı olub. Jurnalist Sarvan Ağayev Bakının Xətai rayonunda avtomobil vurması nəticəsində ağır bədən xəsarətləri almışdı. Hadisə axşam saatlarında baş vermişdi. "Hyundai" avtomobil yolu keçmək istəyən Sarvan Ağayevi vurub. Qəza nəticəsində piyada ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib, ancaq vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Sarvan Ağayev "Qarabağ" qəzetinin baş redaktor müavini vəzifəsində çalışırmış.

Yol qəzası nəticəsində doğmalarını itirən jurnalistlər də var. Məsələn, "Qanun" Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı.

Tanınmış jurnalist Aynur Elgünəşin isə atası yol qəzası nəticəsində ölüb. Jurnalistin atası Telman Qəmbərov Mingəçevirdə baş vermiş ağır avtomobil qəzasında qəzasında dünyasını dəyişib. Hadisə Mingəçevir avtovağzalı yaxınlığında baş verib. Marşrut avtobusu "VAZ-2109" markalı avtomobillə toqquşub. Nəticədə T. Qəmbərov ölüb.