Zaqatalada imam Şeyxin əmrinə tabe olmur

Zaqatalada imam Şeyxin əmrinə tabe olmur

17 Oktyabr 2017 17:07
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatala rayonu Car məscidində imam vəzifəsindən azad olunan Hacı Məhəmməd Vasiyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əmrinə tabe olmayaraq, fəaliyyətini davam etdirir.

Hacı Məhəmməd Vasiyev APA-ya bildirib ki, kənd camaatının xahişi ilə fəaliyyətini davam etdirir və dəfələrlə məscidin dindarları tərəfindən onun işinə bərpa olunması üçün QMİ-nin bölgə nümayəndəliyinə müraciət edilsə də, cavabsız qalıb.

O qeyd edib ki, məscidə məxsus dini icmanın də qeydiyyatı üçün sənədləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerdəki şöbəsinə təqdim ediblər: "Lakin məscidimizə nə imam təyin edilir, nə də mənim imamlığım yenidən təsdiqlənir. Bir neçə dəfə kənd camaatı adından QMİ-də olsam da, idarənin yerdəki nümayəndəsi vasitəsi ilə söz verilsə də, hələ ki, nəticə yoxdur".

QMİ-nin Zaqatala-Balakən bölgəsi üzrə qazısı Hacı Malik Bilalov APA-ya bildirib ki, həmin məscidin imamı ondan əvvəlki qazının vaxtında - 2015-ci ildə işdən azad olunub.

O, artıq 1 ildən çoxdur, məscidə QMİ tərəfindən imam təyinatının olmamasını orada dini icmanın təkrar qeydiyyatdan keçməməsi ilə əlaqələndirsə də, Hacı Məhəmməd Vasiyevin fəaliyyətini davam etdirməsi barədə danışmaq istəməyib.