Minskdə metro terrorunun üstü açılır

Minskdə metro terrorunun üstü açılır

16 Aprel 2011 13:58
1 161
Bəyəndim (0) Bəyənmədim (0)
Bu fikri Belorus rəsmisi bəyan etdi

РИА Новости agentliyinin Belorus hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, artıq metro terroru məsələsinin üstü açılmaqdadır. Belorus Baş Prokurorluğunun istintaq idarəsinin rəisi Maksim Voronin IV gün dövlət televiziyası ilə çıxış edərkən bildirmişdir ki, bazar ertəsi metroda baş vermiş terrorla 2005-ci ildə Vitebsk şəhərində və 2008-ci ildə Minskdə yaşanmış analoji hadisələr arasında əlaqə var.

"Bu işlər prosessual qaydada birləşməlidir", deyən Voronin istintaqın uzun müddət davam edəcəyini bildirərək əlavə etmişdir:

"Yüzlərlə cildlik cinayət materialları toplanıb. 200-dən çox zərərçəkmiş var. Onların hər birini dindirmək, məhkəmə tibbi ekspertizadan keçirmək lazımdır."

Xatırladaq ki, Minsk metrosunda 11 aprel günü pik saatlarında baş vermiş partlayış nəticəsində 12 nəfər ölmüş, 190 nəfər yaralanmışdı. 5-7 kq trotil maddədən və deşici elementlərdən ibarət olan əldəqayırma bomba skamyaların birinin altına yerləşdirilmişdi.

2005-ci ilin 22 sentyabr günü Vitebsk şəhərində diskotekada mismarlarla doldurulmuş partlayıcı maddə isə pivə qabına qoyulmuşdu. Partlayışdan 2 nəfər yaralanmış, 50 nəfər müxtəlif dərəcədə xəsarət almışdı. O zaman "qatı xuliqanlıq" maddəsi ilə cinayət işi açılmışdı.

2008-ci ildə 3 iyul müstəqillik gününə həsr olunmuş qala konsertdə kartona yerləşdirilmiş bomba partlaması nəticəsində 55 nəfər müxtəlif dərəcədə xəsarət almışdı. Hadisə paytaxtın Qaliblər prospektində "Minsk - qəhrəman şəhər" memorial divarın qarşısında yaşanmışdı. O zaman mövcud hadisə ilə bağlı "xuliqanlıq" maddəsi üzrə cinayət işi açılmışdı.

Görünür, Belorus istintaqçıları ya izi itirmək istəyirlər, ya da fikirləri yayındırmağa çalışırlar. Çünki "xuliqanlıq" maddəsi kimi qiymətləndirilmiş lokal cinayətlərlə kütləvi metro faciəsi arasında heç bir əlaqə ola bilməz.

İnarə Rafiqqızı

O.M.