"Hilton Bakı"nın qırmızı lenti kəsildi

"Hilton Bakı"nın qırmızı lenti kəsildi

3 Oktyabr 2011 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakının mərkəzində yerləşən "Hilton Bakı" otel kompleksinin açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olunub.

Məlumat verilib ki, "Hilton Bakı" otel kompleksi 2007-ci ildə "İSR Kapital Menecment" MMC və "Hilton Worldwide" şirkətləri arasında imzalanan müqavilə əsasında inşa olunub. Türkiyənin "Koray İnşaat" şirkəti tərəfindən 2010-cu ilin əvvəlindən inşasına başlanan 25 mərtəbədən ibarət oteldə ümumilikdə 309 otaq vardır. Otaqların 231-i standart, digərləri isə xidmət çeşidlərinə görə fərqlənən otaqlardır. Ən yüksək standartlara cavab verən otaqlardan həm şəhərimizə, həm də Xəzər dənizinə gözəl mənzərə açılır. Oteldə Finlandiya istehsalı olan beş müasir lift quraşdırılıb.

Dövlət başçısı burada "Şəkər-Lanç" və 200 nəfərlik "Silantro" restoranları ilə tanış olub. Qeyd edilib ki, restoranlarda müştərilərə yerli və dünyanın tanınmış mətbəxlərinin ləziz yeməkləri təqdim olunacaq.

Otelin 25-ci mərtəbəsindəki şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, Azərbaycanda ilk dəfə məhz burada bir saat ərzində 360 dərəcə fırlanan dairəvi istirahət yeri yaradılıb. Burada qonaqlara müxtəlif iaşə xidmətləri göstəriləcək. İlin isti aylarında qonaqların açıq havada istirahətləri üçün lazımi şərait yaradılmış kompleksin ən yuxarı mərtəbəsindən Bakının mənzərəsini seyr etmək mümkündür.

Dövlət başçısı otelin 24-cü mərtəbəsindəki "Sky Grill" restoranı ilə tanış olub. Bildirilib ki, qonaqlara geniş çeşiddə iaşə xidməti göstəriləcək. Otel kompleksindəki SPA və Fitnes Mərkəzində örtülü hovuz, masaj hovuzu, türk hamamı, 8 müalicə otağı, VİP SPA otağı yaradılıb. İdman mərkəzindəki bütün avadanlıqlar ABŞ-dan gətirilib.

Kompleksin 21-ci mərtəbəsindəki Prezident nömrəsi ilə tanışlıq zamanı məlumat verildi ki, burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcək.

Məlumat verilib ki, ikinci və üçüncü mərtəbələrdə müxtəlif səviyyəli tədbir və görüşlərin keçirilməsi üçün ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 18 zal fəaliyyət göstərir. İkinci mərtəbədəki 750 nəfərlik böyük konfrans zalında beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Rəsmi görüş və qəbulların yüksək səviyyədə təşkili üçün ayrıca otaq da var.

Prezident İlham Əliyev otelin kollektivi ilə görüşüb, onları təbrik edib.

"ISR Holdinq" şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov və "Hilton Worldwide" şirkətinin vitse-prezidenti Maykl Kollini dövlətimizin başçısına və Azərbaycanın birinci xanımına minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib. Və prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib, kollektivə uğurlar arzulayıb.

Biz də öz növbəmizdə otel kollektivinə uğurlu iş arzulayırıq.

Günel Həbib

O.M.