Azərbaycan-Rusiya sərhədində axtarışda olan 80 nəfər tutulub

Azərbaycan-Rusiya sərhədində axtarışda olan 80 nəfər tutulub

28 Sentyabr 2011 16:13
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər Nazirlikləri arasında təsdiq edilmiş birgə tədbirlər planına əsasən sərhədyanı rayonlarının ərazisində "Sərhəd" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib. Əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub.

Daxili İşlər nazirliyinin rəsmi məlumatına görə, respublikanın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edən tədbirlər nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 50 nəfər tutulub, həmçinin Rusiya Federasiyası daxili işlər orqanları tərəfindən axtarışa elan edilmiş 30 nəfər, şübhəli qismində 22 nəfər saxlanılıb.

Qanunsuz saxlanılan 7 avtomat silah, 5 tapança, 34 ədəd yivli və ov tüfəngi, 34 qumbara, 65 adda hərbi ləvazimat, 4000-dən çox müxtəlif çaplı patron götürülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 16 fakt aşkar olunub. Bu faktlar üzrə qanunsuz dövriyyədən 3 kiloqram 500 qrama yaxın müxtəlif növ narkotik vasitə çıxarılıb. Eyni zamanda, 633 kiloqramdan çox kultivasiya yolu ilə yetişdirilib, 15 tona yaxın isə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunaraq məhv edilib.

Tədbirlər zamanı 421 inzibati hüquqpozma üzrə qanunla müəyyən olunmuş tənbeh cəzalarının tətbiqi təmin edilib. Cinayətlərin qarşısının alınması və açılmasında böyük əhəmiyyət kəsb etməsi baxımından analoji əməliyyatların gələcəkdə də keçirilməsi planlaşdırılır.

İnsanlar səhvlərini xoşbəxt ikən deyil, ancaq bədbəxt ikən anlar.

Tofiq Əliyev

O.M.