Arif Əsgərov kabinetinin təmirinə 250 min xərcləyibmiş...

Arif Əsgərov kabinetinin təmirinə 250 min xərcləyibmiş...

23 Fevral 2017 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Onun bu hərəkəti hakimiyyətin ən yuxarı instansiyalarında qəzəblə qarşılanıb; nazir müavininin öz kabinetinə bu qədər vəsait xərcləməsi yuxarılarda qudurğanlıq kimi dəyərləndirilib

Nəqliyyat Nazirliyinin ləğvindən sonra Ziya Məmmədovun müavini postunu tutmuş şəxslərin adları mətbuatda daha çox hallanmağa başladı. Ötən həftə "Yeni Müsavat" Arif Əsgərovun həbs ehtimalı barədə yazmışdı. Yazıda qeyd olunurdu ki, sabiq nazir müavini "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri olan vaxtlarda ciddi maliyyə pozuntularına yol verib. Onun ayağında 48 milyon manat yeyinti olması barədə son illər bütün ölkə mediasında silsilə yazılar dərc olunub.


A.Əsgərovun "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr vəzifəsindən çıxarıldıqdan sonra barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi gündəmdə olub. Sadəcə, Ziya Məmmədov onun qanının arasına girərək köhnə dostunu bu aqibətdən son anda qurtara bilib. Yazıda bildirilirdi ki, A.Əsgərov artıq himayəsizdi. Onun vəzifədə olarkən yol verdiyi korrupsiya yenidən "yada düşüb" və sabiq nazir müavininin qandallanacağı barədə hüquq-mühafizə orqanlarında müzakirələr başlayıb.

Arif Əsgərov bu korrupsiyaya tək müəlliflik etməyib. Onun suç ortağı öz doğmaca oğludur. Belə ki, "Liman Group" şirkətinin rəhbəri olan Elnar Əsgərov öz xalası oğlu Rahib Hüseynovun əli ilə dövlətin 48 milyonunu oğurlayıb. Cinayətin üstü açılanda isə ata-bala birləşib Rahibi qabağa və... güdaza veriblər. Hüquq mühafizə orqanları gec-tez bu korrupsiya faktının arxasında ata-oğul Əsgərovların dayandığını isbatlayacaqlar və onlar layiqi cəzalarına çatacaqlar.


Maraqlıdır ki, Ziya Məmmədovun digər müavini Musa Pənahovla da bağlı durum kritikdir. Ötən gün musavat.com M.Pənahovun və oğlanlarının biznes imperiyası haqda bir xəbər yaymışdı. Sadəcə olaraq, o xəbəri oxuduqda adamı dəhşət bürüyür. Bu adamlar dövlət vəzifəsi adı altında rəsmən çapolçuluqla məşğul olub, xalqın, dövlətin sərvətlərini talan ediblər. Həm də öz oğulları ilə.

Arif Əsgərovla bağlı yeni məlumat əldə etmişik. Belə ki, "Yeni Müsavat"a daxil olan məlumata görə, Arif Əsgərov nəqliyyat nazirinin müavini postuna təyin edildikdən sonra ona verilən iş otağında "əsaslı təmir" aparmaq eşqinə düşür. O, yaxın ətrafına deyibmiş ki, onun yerinə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri vəzifəsinə təyin olunan Cavid Qurbanovun acığına (?!) yeni kabinetində cah-calal yaradacaq. Yaxınlarının verdiyi məlumata görə, A.Əsgərov bununla öz rəqiblərinə acıq vermək istəyib. Mənbə bildirir ki, o, Nəqliyyat Nazirliyinin rəhbərliyindən təmir üçün icazə aldıqdan sonra işə başlayıb. Onun kabinet təmirinə hardasa 250 min manat xərclədiyi deyilir. Bütün aksessuarları, mebelləri xarici ölkələrdən xüsusi sifarişlə gətirib. Onun bu hərəkəti hakimiyyətin ən yuxarı instansiyalarında qəzəblə qarşılanıb. Nazir müavininin öz kabinetinə bu qədər vəsait xərcləməsi yuxarılarda qudurğanlıq kimi dəyərləndirilib. Sadəcə olaraq, həmin vaxt A.Əsgərov yüksək dövlət vəzifəsi tutduğu üçün və himayəçisi güclü olduğundan real cəzadan yayına bilib. Amma unudulmayıb. Mənbə bildirir ki, indi onun bu davranışı da bir ayrı epizod kimi araşdırılır və ağırlaşdırıcı hal kimi lazımi cavab alacaq.


Belə çıxır ki, sabiq nazir müavini Arif Əsgərov kiminsə acığına dövlət vəsaiti hesabına öz kabinetini 250 min manata təmir etdirib.


Burda bir məqamı xatırlatmaq yerinə düşər. Mərhum prezident Heydər Əliyevin zamanında məmurlardan biri öz iş otağını super təmir etdirib. O, bu haqda orda-burda danışıb. Məlumat prezidentə çatıb. Məmur dərhal cəzalandırılıb və işdən azad edilib.


İnanırıq ki, Arif Əsgərovun bu harınlığı da lazımi instansiyaların diqqətindən kənarda qalmayacaq.


E.HÜSEYNOV