Türkiyə prokurorluğu İsrail rəhbərlərinin işinə baxacaq

Türkiyə prokurorluğu İsrail rəhbərlərinin işinə baxacaq

26 Sentyabr 2011 17:28
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün açıqlanan siyahıda 174 nəfərin adı var

Türkiyənin "Sabah" qəzetinin məlumatına görə, 2010-cu ilin may ayında "Mavi Mərmərə" gəmisinə edilən hücumun iştirakçıları və təşkilatçıları barədə siyahı tərtib olunub. 174 nəfərdən ibarət olan siyahıda əsgərlərlə yanaşı yüksək rütbəli zabitlərin, hətta baş nazir Binyamin Netanyahunun və prezident Şemon Peresin də adları var.

Türkiyə kəşfiyyatının uzunmüddətli təhlillərindən sonra hücumda iştirak edən hərbçilərin video görüntüləri ilə onların Facebook və Twitterdəki yazışmaları müqayisəli olundu. Nəticədə adları siyahıya düşmüş insanlar vahid sənəd tərkibində Türkiyə Respublikasının Baş prokurorluğuna verildi. Onların cinayəti sübuta yetirilərsə, qətl, işgəncə və azadlığın məhdudlaşdırılması maddələri ilə cinayət işi açılacaq.

Ankara şübhəli şəxslər barədə beynəlxalq order verərsə, həmin şəxslərin dünya üzrə hərəkətləri məhdudlaşdıracaq. Bu isə onsuz da gərgin olan Türkiyə-İsrail münasibətlərini daha da gərginləşdirəcək.

Xatırladaq ki, "Mavi Mərmərə" gəmisinə hücum zamanı İsrail komandosu 9 türkü qətlə yetirmişdi. Bundan sonra Türkiyə qarşı tərəfdən rəsmi üzr və zərərçəkmişlərin ailələrinə təzminat tələb etmişdi. İsrail isə ölkədaxili qanunlara istinad edərək bu təklifi rədd etmişdi. Nəticədə Türkiyə öz səfirini geri çağırmaqla yanaşı İsrailin səfirini də ölkəsindən qovmuşdu.

İnsan şüurlu olsa da, ən yırtıcı canlı sayılır...

Könül Aypara

O.M.