Sabiq vitse-admiralın məhkəməsi davam etdirilib

Sabiq vitse-admiralın məhkəməsi davam etdirilib

3 Fevral 2017 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

Nəsimi rayon Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

İclasda prosesdə təqsirləndirilən şəxslərdən Əli Allahverdiyev, Yunis Əliyev, Elxan Hacıyev, Kamandar Paşayev və Faiq Xamoyev son söz deyiblər. Onlar özlərini qismən təqsirli biliblər.

Proses fevralın 10-da davam edəcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsində böyük iclas zalı olmadığından işə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında baxılır. Dövlət ittihamçısı Ş. Sultanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş. Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

Mediainfo.az