Sarkisyanı Şərəf medalı ilə təltif edən azərbaycanlı

Sarkisyanı Şərəf medalı ilə təltif edən azərbaycanlı

23 Sentyabr 2011 13:38
Bəyəndim (0) Bəyənmədim (0)
ARAŞDIRMA-Naser Kazeminin əsli Cənubi Azərbaycanın Urmiya şəhərindəndir

Bildiyiniz kimi, Ermənistan prezidentinin ABŞ-a səfəri davam edir. Səfər çərçivəsində Serj Sarkisyan Qudzon çayı yaxınlığındakı Elis adasında oldu. Burada o, ABŞ Milli Etnik Koalisiya Təşkilatının (National Ethnic Coalition of Organizations, NECO) Şərəf medalı "Elis ayland"la təltif olundu. Təşkilatın rəhbəri Naser Kazemi erməni prezidentini şəxsən təltif etdi və onun şərəfinə ziyafət verdi. Bu gün erməni mətbuatı xəbəri xüsusilə qabartmağa çalışırdı.

Bizimsə diqqətimizi başqa bir məqam cəlb etdi. Təşkilat rəhbərinin adı və soyadı İran mənşəli olduğundan onun haqqında məlumat toplamağa çalışdıq. Rəsmi mənbələrdə onun İran doğumlu olduğu göstərildiyi halda hansı şəhərdə dünyaya gəldiyi bildirilmirdi. Biz araşdırmamızı İran saytlarında davam etdirdik. Məlum oldu ki, ABŞ-da Nasser Cey Kazemini kimi tanınan Naser Kazemi İranın Tehran şəhərində dünyaya gəlib, İngiltərədə təhsil alıb və evlənib, 1969-cu ildən ABŞ-da yaşayır. Naser Kazeminin babası ötən əsrin sonlarında İranın Urmiya şəhərindən Tehrana köçüb. Bu isə o deməkdir ki, NECO rəhbəri əslən azərbaycanlıdır və onun damarlarında türk qanı axır. İndi isə qayıdaq Ermənistan prezidentinin təltifolunma mərasiminə.

"Elis ayland" Şərəf medalı NECO-nun əcnəbi siyasətçilərə verdiyi ilk mükafatdır. Fəaliyyət göstərdiyi 25 il ərzində 1000-dən artıq siyasətçi eyni medalla təltif olunub. Onların arasında 6 ABŞ prezidenti, onlarla dövlət katibi, senator, konqresmen, Nobel mükafatçısı və ictimai xadim var.

Ümumiyyətlə Elis adası məşhur Azadlıq adasından 400 metr məsafədə yerləşir. 19-cu əsrdən etibarən buraya 12 milyon immiqrant səfər edib. Onlar sonradan ABŞ vətəndaşlarına çevriliblər. Ermənilər də istisna deyil. 1976-cı ildən adada immiqrasiya muzeyi fəaliyyət göstərir ki, orada "erməni soyqırımı" adlı ekspozisiyalar təqdim olunur.

Serj Sarkisyan bu stendi seyr etdikdən sonra muzeyin qonaq kitabçasına "ürək" sözlərini yazdı.

Naser Kazemi isə NECO-nun son qərarını belə izah etməyə çalışdı: "Ermənistan prezidenti erməni-amerikan əlaqələrinin inkişaf etdirilməsinə, habelə Cənubi Qafqazda sülhün qorunması işinə göstərdiyi sədaqətə görə mükafatlandırılır. Ermənistanın müstəqilliyinin 20 illiyi ərəfəsində prezidentin ABŞ-a səfəri tarixi gerçəklikdir. Bu insan öz ölkəsinin inkişafı, azadlığı, çiçəklənməsi üçün yorulmadan çalışır. Onun əməyi ABŞ və digər dövlətlərin hökumətləri tərəfindən dəstəklənir. Ən əsası isə odur ki, o, qonşularla sülh və tolerantlıq üçün dialoqa başlamaqla öz xalqını sülhə maksimum yaxınlaşdırıb. Cənab prezident, tarix sizi böyük hörmətlə xatırlayacaq."

Təbii ki, erməni prezidenti də ermənisayağı təşəkkürünü bildirərək məddahlığa eyni qaydada cavab verdi: "Osmanlı İmperiyasında ermənilərin soyqırımından sonra on minlərlə erməni məhz Elis adasına pənah gətirmişdi. Bura onlar üçün ən təhlükəsiz və doğma yerə çevrildi. Sonradan onlar ABŞ-da yaşamaq və inkişaf etmək imkanı qazandılar. Onların çox böyük qismi göstərilən imkandan istifadə edərək ABŞ-ın ləyaqətli və fəxr edilən vətəndaşlarına çevrildilər. Biz buna görə ABŞ-a minnətdarıq və bu ölkədə yaşayan həmvətənlərimizlə qürur duyuruq."

Erməni prezidentinin fəaliyyəti göz qabağındadır. Onun Xocalı soyqırımından sonrakı dediyi sözlər hələ də video lentin və insanların yaddaşlarında qalmaqdadır. "Azərbaycanlılar elə bilirdilər ki, biz dinc əhalinin qanını təkə bilmərik", - deyən Serj Sarkisyan 2008-ci il prezident seçkilərində öz xalqının qanını tökməkdən belə çəkinmədi. İndi də sadə ermənilər ölümcül vəziyyətdə yaşayırlar. Məhz buna görə də immiqrasiya və kriminal erməni cəmiyyətinin bir nömrəli probleminə çevrilib. Bu haqda bütün dünya ölkələri, o cümlədən ABŞ rəhbərliyi məlumatlıdır və zaman-zaman Ermənistan prezidenti haqlı tənqidlərin hədəfinə çevrilir.

Bütün bunların fonunda Serj Sarkisyana mükafat verilməsinin yalnız bir adı var: "ikili siyasət". ABŞ-da adətən bu cür hallara demokratik fikir plüralizmi deyirlər.

Əslində, bizi kiminsə saxta mükafat alması məsələsi narahat etmir. Yalnız o narahat edir ki, mükafatı təsis və təqdim edən şəxs azərbaycanlıdır. O millətin ki, 200 ildir ermənilər tərəfindən kütləvi qırğınlara və təcavüzə məruz qalır...

Şahməmməd Şahməmmədov (Polis polkovniki)

O.M.