NATO gündəmini Liviya tutub

NATO gündəmini Liviya tutub

15 Aprel 2011 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

NATO Liviyada hərbi əməliyyatları davam etdirmək üçün müttəfiq ölkələrdən qırıcı təyyarələr istəyib. Berlində keçirilən konfransda çıxış edən Andres Rasmussen üzv ölkələrin bəzilərinin hərbi əməliyyatlara qoşulmadığını, amma qoşulacaqlarına ümid etdiyini bildirib.

Rasmussen NATO qüvvələri tərəfindən hər gün Qəddafi tərəfdarlarına hava hücumları olunduğunu, bu hücumların iqtidar hakimiyyətdən gedənə qədər davam edəcəyini söyləyib.

NATO rəsmisi verdiyi bəyanatda 28 üzv ölkədən yalnız altısının hərbi əməliyyatlara qoşulduğunu və hava hücumlarının yarısını Fransa və İngiltərə hərbi təyyarələrinin həyata keçirdiyini bəyan edib.

Alyans rəsmiləri əməliyyatlara daha çox ölkənin qoşulacağı təqdirdə mülki vətəndaşların yaxşı qorunacağı fikrindədir. Türkiyə və Almaniya rəsmiləri isə hərbi əməliyyatların keçirilməsinə qarşı olduqlarını bildiriblər.

Rasmussen Qəddafinin hərbi bazalarının mülki vətəndaşların sıx yaşadığı yerlərdə olduğunu və buna görə də onları havadan vurmağın çətinləşdiyini söyləyib. Buna görə də o, mülki vətəndaşlara ziyan verməmək üçün geniş quru əməliyyatlarının keçirilməsinin vacibliyini vurğulayıb.

Fikrimcə, quru əməliyyatları olmayacaq. Çünki bu halda dinc əhali və NATO qoşunları arasında itkilər arta bilər. Bu isə onsuz da dalana dirənmiş hərbi əməliyyatlara qarşı etiraz dalğasına gətirib çıxarar. İndiki halda Qərbin yeganə məqsədi Liviyadakı vətəndaş müharibəsini dərinləşdirməklə ölkəni 2 düşmən cəbhəyə ayırmaq və neft olan hissəni nəzarət altına almaqdır.

Elvin Babayev

O.M.