Ermənistanda AES-in fəaliyyəti sual altına düşüb

Ermənistanda AES-in fəaliyyəti sual altına düşüb

22 Sentyabr 2011 15:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda təmirə dayanan Atom Elektrik Stansiyasının yenidən işə başlayıb-başlaya bilməyəcəyi sual altındadır. Ermənistanın "Aykakan Jamanak" qəzetinin yazdığına görə, ötən gün AES-in mühəndis texniki personalından 158 işçi işdən getmək barəsində ərizə yazıb.

Mənbənin yazdığına görə, AES sentyabrın 5-də təmirə dayanıb. Təmir 46 gün davam etməlidir. Ərizə verən əməkdaşlar AES-in onlarsız istismara başlaya bilməyəcəyi mütəxəssislərdir. Onların əsas tələbi isə əmək haqqına yenidən baxılmasıdır. Hələ bir ay öncə onlar prezident Serj Sarkisyana, energetika naziri Armen Movsisyana və AES-in rəhbərliyinə maaşların artması barədə müraciət etmişdilər.

Onlar son qiymət artımları fonunda 120-150 min dram əmək haqqının ailə saxlamaq, sosial problemləri həll etmək üçün kifayət etmədiyini bildiriblər. AES işçiləri sentyabrın 20-nə qədər məsələ həll edilməyəcəyi təqdirdə istefa vermək məcburiyyətində olduqlarını demişdilər. Ötən gün işçilər verdikləri sözü yerinə yetiriblər.

Tofiq Əliyev

O.M.