Samir Cavadzadə: “Mən heç kimi bıçaqlamamışam”

Samir Cavadzadə: “Mən heç kimi bıçaqlamamışam”

20 Sentyabr 2011 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

"Mən Samir Cavadzadənin kimisə bıçaqlamasına, zərər yetirməsinə inanmıram. Yarım saat əvvəl Samirlə telefon əlaqəsi saxladım, mənə evdə olduğunu dedi. Mən ondan bunu gözləmirəm".

Bu sözləri APA-ya açıqlamasında "Eurovision-2008" müsabiqəsində Azərbaycanı Samir Cavadzadə ilə birgə təmsil edən Elnur Hüseynov deyib.

E. Hüseynov duet ortağı Samir Cavadzadənin bu gün səhər saatlarında fotoqraf Elvin Hüseynovu bıçaqlaması xəbərinə də münasibət bildirib və bıçaqlanan şəxsin qardaşı olmadığını açıqlayıb: "Mənim qardaşım yoxdur və bir bacım var".

Elnur Hüseynov onu da bildirib ki, Elvin Hüseynovla təbirlərdə çox görüşüb, bütün şou əhli onu tanıyır: "Fotoqrafdır, tanınan şəxsdir. Elvinin onunla eyni evdə qalmasından xəbərim yoxdur. Samirlə isə bir müddət aramızda problemlər olsa da, indi çox yaxşı münasibətlərimiz var".

Elvin Hüseynovu bıçaqlamaqda təqsirli bilinən Samir Cavadzadə də açıqlamasında belə bir hadisənin baş verdiyi təkzib edib: "Mən hazırda evimdə oturmuşam. Bu ağlasığmaz bir şeydir. Bu məsələnin arxasında nəyin və ya kimin dayandığını bilmirəm. Yazırlar ki, guya məni istintaqa aparıblar, suallar veriblər. Mən isə bu gün heç yerə aparılmamışam. Elvin Hüseynov dostumdur, dostlar arasında nəsə ola bilər, amma bu qədər şişirdilməsi yaxşı deyil. Bizim aramızda heç nə olmayıb. Dünən axşam mən tədbirdə idim, gecə saat 3-də evə gəlmişəm. Elvini dünən də, bu gün də görməmişəm".

S. Cavadzadə Elvin Hüseynovla əlaqə saxlayacağını da qeyd edib: "Məsələ ilə bağlı 21-ci Polis Bölməsi ilə də əlaqə saxladım, bildirdilər ki, belə bir məlumat verməyiblər. Bu nə məsələdir, anlamıram? Gərək, bundan sonra adım "Eurovision" Samir yox, "Killer" Samir yazılsın. Bunu məndən necə gözləmək olar? Elvin özü də çox sakit adamdır, axı bu söz-söhbəti yaymaq nəyə lazımdır? Bir daha deyirəm, dostlar arasında arada bir söz-söhbət ola bilər, amma bizim aramızda heç nə olmayıb. Mən özümdə xəbərləri izləyirəm, görüm sonda ortaya nə çıxacaq".

Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən APA-ya bildirilib ki, hadisəni törədən Samir Cavadzadənin ifadəsi alınıb. Hazırda isə təhqiqat qrupu S. Cavadzadənin iştirakı ilə araşdırma aparmaq üçün hadisə baş verən ünvana gedib: "Hadisə baş verən ev müayinə edildikdən sonra protokol tərtib ediləcək və Samir Cavadzadə sərbəst buraxılacaq".

Adın çıxınca, canın çıxsın, deyiblər.

Tofiq Əliyev

O.M.