Bu gün neftçilərimizin günüdür!

Bu gün neftçilərimizin günüdür!

20 Sentyabr 2011 12:47
595
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanda Neftçilər Günü qeyd olunur

Bu gün Azərbaycan neftçiləri növbəti dəfə öz peşə bayramlarını - Neftçilər Gününü qeyd edirlər. Bu günün sentyabrın 20-də bayram edilməsi 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" dəniz neft və qaz yataqları blokunun kəşfiyyatı və istismarı üzrə bağlanmış "Əsrin müqaviləsi"nin imzalanması vaxtına uyğunlaşdırılıb. Bu müqavilənin imzalanması Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır. Nəticədə, neft-qaz sahəsinin aktiv inkişafı respublika həyatının bütün sahələrinin artımına gətirib çıxardı. Bu müqaviləni haqlı olaraq ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab etmək olar. Bu il daha bir əlamətdar gün - neft ölkəsi mövqeyi ilə yanaşı, böyük qaz ehtiyatlarına malik bir ölkə kimi Azərbaycanın statusunu möhkəmləndirən "Şahdəniz" iri qaz-kondensat yatağının kəşfinin 15 illiyi də qeyd olunur. Bu status ötən il Xəzər dənizində "Ümid" qaz-kondensat yatağının, həmçinin bu yaxınlarda "Abşeron" yatağında iri qaz ehtiyatlarının kəşf edilməsi ilə təsdiq edilib. Azərbaycan bundan sonra da qaz ölkəsi kimi öz mövqelərini möhkəmləndirmək niyyətindədir. Bu baxımdan Almaniyanın RWE şirkəti ilə birgə "Babək", "Şəfəq-Asiman", "Naxçıvan" perspektiv strukturlarının kəşfiyyatı və istismarı planları mövcuddur.

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dünya enerji bazarının aktiv iştirakçısına çevrilir. ARDNŞ-nin bölmələri neft ticarəti, həmçinin neft məhsullarının distribusiyası sahəsində öz yerini tutmaq üçün fəal işlər görür. Xüsusilə də hazırda ARDNŞ-nin Azərbaycan, Gürcüstan, Ukraynada yanacaqdoldurma məntəqələri var, eyni zamanda, Rumıniya və İsveçrədə YDM-lərin açılması üçün iş aparılır.

İri regional layihələrdə iştirak üçün fəal işlər görülür. Xüsusilə, ARDNŞ "Pektim" iri neft-kimya kompleksində iştirak payına malikdir, bu kompleksin xammala olan ehtiyacını ödəmək məqsədilə Türkiyədə neft emalı zavodunun tikintisi ilə bağlı planları var. Həmçinin, ARDNŞ Odessa-Brodı-Plosk-Qdansk neft kəmərinin tikintisi layihəsinin iştirakçısıdır. Neftçilər ölkə daxilində də fəal işlər görürlər. Xüsusən, neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin yaradılması layihəsi həyata keçirilir, respublikanın kimya sektorunun modernləşdirilməsi istiqamətində aktiv addımlar atılır, respublikanın bütün rayonlarının qazlaşdırılmasının yaxşılaşdırılması üçün müxtəlif infrastruktur layihələr həyata keçirilir.

Günel Həbib