Bakıda yanacaq daşıyan maşın qəzaya uğradı, 17 ton benzin yola dağıldı

Bakıda yanacaq daşıyan maşın qəzaya uğradı, 17 ton benzin yola dağıldı

20 Sentyabr 2011 10:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə Bakının Tiflis prospektində minik maşını yanacaq daşıyan avtomobilə çırpılıb. Qəza Bakıxanov küçəsindən Tiflis prospekti istiqamətində hərəkət edən "Mercedes" markalı avtomaşının qarşıda hərəkətdə olan "KamAZ" markalı avtomaşına çırpılması nəticəsində minik maşınında olan bir sərnişin yüngül xəsarət alıb.

"KamAz" markalı maşın yanacaqdoldurma məntəqələrindən birinə məxsus olub və hadisə zamanı 17 ton benzin daşıyırmış. Qəza nəticəsində "KamAz"ın çən hissəsindəki kranı zədələnib. Kranı bərpa etmək mümkün olmadığından, 17 ton benzin asfaltın üzərinə yayılıb.

Yarana biləcək hər hansı bədbəxt hadisənin qarşısının qabaqcadan alınması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib və yola dağılmış benzin yuyulub.

Faktla bağlı araşdırmalar aparılır. İlkin araşdırmalar göstərir ki, qəza nəticəsində yanacaqdoldurma məntəqəsinə təxminən 10 min manata yaxın maddi ziyan dəyib.

Maddi ziyanın qarşısını almaq o qədər də çətin olmur. Əsas odur ki, mənəvi ziyan dəyməsin.

Tofiq Əliyev

O.M.