Leysan Lənkəranda 150-dən çox evə ciddi ziyan vurub

Leysan Lənkəranda 150-dən çox evə ciddi ziyan vurub

19 Sentyabr 2011 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 18-də saat 16.00 radələrindən Lənkərana yağan güclü yağış rayonun fərdi təsərrüfatlarında və sosial obyektlərində böyük fəsadlar törədib. APA-nın məlumatına görə, rayonun Təngivan, Şovu, Günəhir, Osakücə, Vilvan, Veravul və Daşdatük kəndlərinə sel gəlib. Ümumilikdə rayon üzrə 150-dən çox fərdi yaşayış evinə ciddi ziyan dəyib. Vilvan kəndində qaz xətti sıradan çıxıb. Sel Şovü, Günəhir və Vilvan kəndlərinin hərəsində 2, Osakücə kəndində 4, Diryan kəndində 1 körpünü dağıdıb. Günəhir ərazi dairəsinin Günəhir, Horavenc və Bəliton kəndlərində torpaq sürüşməsi baş verib, yollar dağılıb, nəticədə bu yaşayış məntəqələrinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Burada həmçinin telefon rabitəsində və elektrik enerjisinin verilişində problemlər yaranıb. Veravulçay, Boladi və Qumbaşı çayları daşaraq yolları və evləri basıb. Hazırda rayon üzrə 2132 abonent işıqsız qalıb.

Lənkəran Şəhər İcra Hakimiyyəti aparatından bildirilib ki, bu gün səhər rayon fövqəladə hallar komissiyasının iclası keçirilib və burada sel sularının vurduğu ziyanlar müzakirə olunub. İclasda bütün müvafiq qurumlara dəymiş ziyanın hesablanması və nəticələrinin aradan qaldırılması barədə ciddi tapşırıq verilib. Rayonda yağışlar yağmaqda davam edir.

Qeyd edək ki, Yuxarı Təngivan kəndinin sel sularının əhatəsində qalan sakinlərinin xilas edildiyi və ərazidə vəziyyətin normal olduğu bildirilir.

Lənkərana problem yağışı yağdı.

Tofiq Əliyev

O.M.