Hakimliyə namizədlər üçün keçirilən test imtahanlarının nəticələri açıqlanıb

Hakimliyə namizədlər üçün keçirilən test imtahanlarının nəticələri açıqlanıb

19 Sentyabr 2011 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda vakant hakim vəzifələrinin tutulması üçün elan olunan müsabiqə üzrə sentyabrın 18-də Bakı İdman Sarayında keçirilən trest imtahanlarının nəticələri açıqlanıb. Nəticələrə əsasən imtahanda 60 və daha yüksək mal toplayan 178 namizəd növbəti mərhələyə buraxılıblar.

Qeyd olunub ki, ölkədə hakim kadrlarına olan ehtiyacla bağlı hakim vəzifəsinə namizədlərin sənədlərinin ötən il qəbuluna yenidən başlanılıb və 414 şəxs öz namizədliyini irəli sürüb. İmtahanın hər bir mərhələsi, o cümlədən sualların seçimi və cavabların yoxlanılması bilavasitə imtahan keçirilən zalda, namizədlərin, habelə 40-dan çox xarici təşkilat və yerli QHT təmsilçiləri, televiziya və mətbuat nümayəndələri qarşısında həyata keçirilib. Hakimlərin Seçki Komitəsi tərəfindən hazırlanmış 1000-dən çox test sualları bankından təsadüfi yolla - lototron vasitəsilə 10 variantda sual topluları seçilib. Sonra hakimliyə namizədlər bu sual toplularından birini seçmiş və o yerindəcə çoxaldılaraq cavablandırılması üçün namizədlərə paylanılıb.

Dörd saat davam edən imtahanın nəticələri xüsusi dəqiq avadanlıqla imtahan başa çatan kimi dərhal yoxlanılaraq nəticələr yerindəcə elan olunub, Məhkəmə-Hüquq Şurasının (jlc.gov.az) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (tqdk.gov.az) internet səhifəsində yerləşdirilib. Xatırladaq ki, son illər ərzində yeni mütərəqqi qaydalara uyğun, çoxmərhələli seçim prosedurları nəticəsində 2200 namizəd sırasından 235 hüquqşünas yazılı və şifahi imtahanları, habelə uzunmüddətli tədris kurslarını başa vuraraq müvafiq hakim vəzifələrinə təyin ediliblər.

Tofiq Əliyev

O.M.