“Facebook”da yenilik

“Facebook”da yenilik

15 Sentyabr 2011 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

"Facebook" sosial şəbəkəsi yeni "Subscribe" funksiyasını işə salır. Bu xidmətin köməkliyi ilə istifadəçilər sosial şəbəkənin dost olmadıqları üzvlərindən də xəbərlər ala biləcəklər. İstifadəçilər şəbəkənin digər iştirakçılarının səhifəsində müvafiq düyməyə basmaqla öz xəbər lentlərində həmin istifadəçilərin ismarışları, fotoları və digər kontentlərini görə biləcəklər.

"Facebook"un nümayəndələri bildiriblər ki, yeni funksiya yaxın bir neçə gün ərzində istifadəyə veriləcək.

"TechCrunch" texnobloqunun yazdığına görə, "Subscribe" funksiyasının vacib xüsusiyyəti ondan ibarətdir ki, istifadəçinin "Facebook" şəbəkəsinin digər üzvlərinin xəbərlərini oxumaq üçün dost kimi əlavə edilməklə bağlı təsdiqi gözləməsinə ehtiyac olmayacaq.

Analoji xidmət "Facebook"un əsas rəqibi olan "Google+" sosial şəbəkəsində də mövcuddur. Məşhur "Twitter" mikrobloqlar xidmətinin istifadəçiləri də əlavə razılıq almadan digər istifadəçilərin ismarışlarını oxuya bilirlər. "Facebook" dünyada ən iri sosial şəbəkədir. Onun auditoriyası 750 milyon nəfəri ötür.

Tofiq Əliyev

O.M.