İlham Əliyev: “Azərbaycanda istənilən xəstəliyi müalicə etmək üçün imkanlar var”

İlham Əliyev: “Azərbaycanda istənilən xəstəliyi müalicə etmək üçün imkanlar var”

13 Sentyabr 2011 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycanda səhiyyə məsələlərinə çox böyük diqqət göstərilir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin Bakıda keçirilən 61-ci sessiyasında bildirib. Onun sözlərinə görə, Azərbaycan dövləti və hökuməti sosial məsələlərin həllinə çox böyük diqqət verir. Dövlət başçısı bunu rəqəmlərlə əsaslandırıb: "Son beş il ərzində səhiyyə məsələlərinə ayrılan dövlət büdcə xərclərimiz 8 dəfədən çox artıb. Yəni, bu, özlüyündə onu göstərir ki, bu məsələ bizim üçün prioritet məsələdir. Dövlətimiz insanların sağlamlığının təmin edilməsi üçün əlindən gələni etməyə çalışır. Son illərdə səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi üçün konkret addımlar atılıb. Çünki bildiyiniz kimi, müstəqilliyimizin ilk illərində Azərbaycanda iqtisadi vəziyyət çox ağır idi, ölkədə böhran hökm sürürdü, maliyyə imkanlarımız çox məhdud idi və vaxtilə - keçmiş dövrlərdə yaradılmış səhiyyə müəssisələri də yararsız vəziyyətə düşmüşdü. Biz çox istəyirdik ki, tezliklə bu məsələ ilə bağlı dönüş yarada bilək. Son bir neçə il ərzində Azərbaycanda tikilmiş və əsaslı təmir edilmiş səhiyyə müəssisələri bu gün müasir Azərbaycanın reallıqlarını əks etdirir. Son illər ərzində ölkəmizdə 400-dən artıq səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Onların arasında xüsusi əhəmiyyət kəsb edən, son bir neçə il ərzində Bakıda yaradılmış Onkoloji Mərkəzi qeyd etmək istərdim. Eyni zamanda, çox müasir Oftalmologiya Mərkəzi, Urologiya Mərkəzi, Talassemiya Mərkəzi tikilib, Elmi Cərrahiyyə Mərkəzi yaradılmışdır. Ölkəmizdə Perinatal mərkəzlər yaradılır. Demək olar ki, bütün şəhərlərdə xəstəxanalar təmir olunur və tikilir. 14 şəhərdə ən müasir standartlara cavab verən Müalicə-Diaqnostika mərkəzləri tikilib və orada hemodializ qurğuları quraşdırılıb. Qeyd etmək istəyirəm ki, dövlət səhiyyə müəssisələrində bütün xidmətlər pulsuzdur".

İlham Əliyev deyib ki, bununla bərabər, insanın sağlamlığını şərtləndirən digər sahələrə də Azərbaycanda çox böyük diqqət göstərilir. O, xatırladıb ki, ötən il Azərbaycanda "Ekologiya ili" elan edilmişdi. Çox böyük tədbirlər görülmüşdür. Dövlət başçısının sözlərinə görə, il yarım ərzində ölkəmizdə 10 milyondan artıq ağac əkil: "Ölkəmizin hər bir yerində böyük su layihələri icra edilir. Su problemi, əfsuslar olsun ki, bütün dövrlərdə Azərbaycanda çox kəskin, çox ciddi bir problem idi. Biz bu problemin həlli üçün konkret addımlar atırıq və 2013-cü ilin sonuna qədər Azərbaycanda əhaliyə verilən su Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verməlidir. Yəni, bu bir meyardır və biz çalışacağıq ki, bu məqsədlərə nail olaq. Bu layihələr çox böyük vəsait tələb edir. Ancaq Azərbaycan dövləti bu vəsaiti ayırır və eyni zamanda, beynəlxalq təşkilatlar da bizə kreditlərlə kömək göstərirlər. Mən tam əminəm ki, içməli su və kanalizasiya layihələrinin icra edilməsi nəticəsində bu amillər də insanların sağlamlığına çox müsbət təsir göstərəcək".

"Hər bir vətəndaş, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir", - deyən Azərbaycan Prezidentinin sözlərinə görə, keçmiş dövrlərdə bizdə bu praktika olmayıb: "Hesab edirəm ki, biz bu sahədə görülən bütün işlərlə bərabər maarifləndirmə işlərini də yüksək səviyyədə qurmalıyıq. İnsanlar bilməlidirlər ki, ildə heç olmasa, bir dəfə müayinədən keçərsə, o zaman xəstəliyi aşkarlamaq da asan olacaq. Nəzərə alsaq ki, bu gün Azərbaycanda istənilən xəstəliyi müalicə etmək üçün imkanlar var, tezliklə o xəstəlik aradan qalxa bilər. Əlbəttə ki, Dünya Səhiyyə Təşkilatının bu məsələ ilə bağlı təcrübəsi bizim üçün çox dəyərlidir, çox vacibdir", - İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycanda sosial məsələlərin həlli ilə bərabər çox ciddi iqtisadi islahatlar aparılır: "Əgər bu iqtisadi islahatlar səmərə verməsəydi, yəqin ki, dediyim bu məsələlərlə məşğul olmaq bizim üçün daha da çətin olardı. Azərbaycan son illər ərzində iqtisadi sahədə çox böyük uğurlara nail ola bilmişdir. İqtisadiyyatımız son 7 il ərzində dünya miqyasında ən yüksək templərlə inkişaf etmişdir. Son 7 il ərzində Azərbaycanda ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır. Yəni, 300 faizə yaxın artmışdır. Bu, dünya praktikasında nadir bir göstəricidir. Bununla bərabər, ölkəmizin keçmişinə xas olan yoxsulluq problemi də aradan qaldırılır. Yoxsulluq şəraitində yaşayanların sayı son 7 il ərzində 49 faizdən 9 faizə düşmüşdür. Bu da hesab edirəm ki, dünya praktikasında ən sürətli inkişafdır. Əlbəttə ki, yoxsulluq şəraitindən çıxan insanın imkanları da genişlənir, maddi vəziyyəti də yaxşılaşır və bu insanlar öz sağlamlığına daha da ciddi diqqət göstərə bilərlər".

"Ölkəmizdə ağır vəziyyətdə yaşayan ailələrə dövlət tərəfindən dəstək verilir. Ağır vəziyyətdə yaşayan 125 min ailə dövlətdən ünvanlı sosial yardım alır. Dünyada hökm sürən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bir dənə də olsun sosial proqrama dəyişiklik edilməyib. Bir dənə də olsun yubanma, yaxud da ki, geriləmə olmayıb. Əksinə, bu il Azərbaycan pensiyaçılarının pensiya təminatı yaxşılaşdırılmışdır və orta hesabla pensiyalar 40 faiz artıb. Yaşlı nəsil üçün bu, birbaşa onların sağlamlığına verilən töhfədir. Çünki yaşlı nəsil, əfsuslar olsun ki, dərmanların alınmasına daha çox vəsait xərcləyir. Yaşlı nəslin sağlamlığı əlbəttə ki, daha da böyük diqqət tələb edir. Biz hesab edirik ki, məhz pensiyaçıların pensiyalarının 40 faiz səviyyəsində artırılması çox ciddi sosial məsələnin həllidir, eyni zamanda, birbaşa insanların sağlamlığına verilən dəstəkdir", - Prezident İlham Əliyev qeyd edib.

İnsan ilk öncə özü özünün həkimi olmalıdır.

Tofiq Əliyev

O.M.