Sentyabrın 18-də hakimliyə namizədlər üçün test imtahanı keçiriləcək

Sentyabrın 18-də hakimliyə namizədlər üçün test imtahanı keçiriləcək

12 Sentyabr 2011 16:26
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda hakim vəzifəsinə namizədlərin mütərəqqi qaydalar əsasında, şəffaf prosedurlar növbəti seçimi davam edir. Hakimlərin Seçki Komitəsindən APA-ya verilən məlumata görə, 6 ay davam edən sənəd qəbulu zamanı 414 nəfər hüquqşünas hakim olmaq üçün namizədliyini irəli sürüb, onların imtahanlara hazırlaşmalarına kömək məqsədilə müvafiq kurslar təşkil edilib. 100-dən çox namizədin iştirak etdiyi kurslarda hüququn müxtəlif sahələri üzrə təcrübəli mütəxəssislərin çıxışları dinlənilib, namizədləri maraqlandıran suallar cavablandırılıb.

Hakimliyə namizədlərlə sentyabr ayının 18-də Bakı İdman Sarayında keçiriləcək test imtahanı ilə bağlı təşkilati məsələlər Hakimlərin Seçki Komitəsinin iclasında müzakirə edilib.

Qeyd olunub ki, imtahan tam şəffaf şəraitdə, vahid auditoriyada keçiriləcək, nəticələr imtahanın sonunda dərhal elan olunacaq. Test sualları bilavasitə imtahan keçirilən zalda çoxsaylı yerli və beynəlxalq təşkilatlardan olan müşahidəçilərin və mətbuat nümayəndələrinin iştirakı ilə saat 10:00-dan etibarən seçiləcək.

Bu prosesi izləmək arzusunda olan bütün hakimliyə namizədlər dəvət olunurlar. Hakimliyə namizədlər "İmtahana buraxılış vərəqəsi"ni Hakimlərin Seçki Komitəsindən (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şəxsiyyət vəsiqəsini təqdim etməklə almalıdırlar. Buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün hakimliyə namizədlər imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər. İmtahana gələrkən hakimliyə namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaqdır.

Bütün namizədlərə uğurlar arzulayırıq.

Tofiq Əliyev

O.M.