Sabunçu rayonunda yol qəzası baş verib

Sabunçu rayonunda yol qəzası baş verib

8 Sentyabr 2011 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

Sabunçu rayonunda sürət qutusu qəfildən sıradan çıxan "Toyota" markalı avtomobil qəzaya səbəb olub. Məlumata görə, Sabunçu dairəsindən Əzizbəyov dairəsi istiqamətində hərəkət edən "VAZ 2107" markalı avtomobil eyni istiqamətdə hərəkət edən və qəfildən qarşısında dayanan "Toyota" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində "Jiquli"nin sürücüsü 28 yaşlı Nəcəfov Xəyal Sahil oğlu sol ayağından və başından xəsarətlər alıb. Yaralı yaxınları tərəfindən 1 saylı xəstəxanaya çatdırılıb.

"Toyota" markalı maşının sürücüsü Zamiq Veysəlov isə baş verənlərə görə "Jiquli"nin sürücüsünü təqsirləndirib: "Getdiyim yerdə maşın birdən söndü, tormoz getdi. O da arxadan gəldi dəydi. Avtomat korobka qəfil xarab oldu, maşın söndü. O hər halda bu boyda maşını görürdü və qaça bilərdi".

Yol qəzasının təfərrüatlarının araşdırılması Sabunçu polisinə həvalə edilib. Hadisə ilə bağlı hələlik konkret bir fikir bildirilməsə də, artıq ilkin versiya var. Müəyyən edilib ki, "Toyota" markalı maşının qəfil nasazlığı ilə yanaşı, "Jiquli"nin də ara məsafəsini qorumaması avtoqəzaya səbəb olub. Qəzanın dəqiq səbəbləri isə araşdırmalardan sonra məlum olacaq.

Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə apara bilər.

Tofiq Əliyev

O.M.