Bu gün İtaliyada tətil elan edilib

Bu gün İtaliyada tətil elan edilib

6 Sentyabr 2011 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliya sakinləri və turistləri bu gün nəqliyyatla bağlı çətinliklər gözləyir. Belə ki, ölkədə 8 saatlıq ümumi tətil elan edilib. Ötən gün İtaliyanın Milan şəhərində həmkarlar ittifaqlarının nümayəndələri birja binasının önündə etiraz aksiyalarına başlayıblar. Aksiya iştirakçıları Silvio Berluskoni hökumətinin iqtisadi siyasətinə qarşı etiraz edirlər. İtaliya hökuməti Avropa Mərkəzi Bankının tələblərinə müvafiq olaraq, 2013-cü ilədək büdcə kəsirini azaltmaq üçün 2 il ərzində dövlət xərclərindən 45 milyard avro qənaət edilməsinə qərar verib. Həmkarlar ittifaqları isə bu tədbirlərə qarşı çıxmaq üçün ümumi tətilin keçirilməsi çağırışı edib. Tətildən əlavə, ölkənin Roma, Neapol, Boloniya, Genuya, Milan və Florensiya kimi iri şəhərlərində 100-dək nümayiş və etiraz aksiyası keçiriləcək. Dövlət müəssisələri bağlı olacaq. Avtobus, tramvay və metro işçiləri ilə yanaşı, pilotlar və hava limanlarının işçiləri də 8 saat tətil edəcəklər.

Qeyd edək ki, Berluskoni hökumətinin dəstəklədiyi iqtisadi islahatlar hazırda Senatda müzakirə olunur və plana dəyişikliklərin ediləcəyi gözlənilir. Yekun səsvermə isə sentyabrın sonlarında keçiriləcək.

Xalq güzəranı aşağı səviyyəyə düşdüyü üçün ayağa qalxır.

Tofiq Əliyev

O.M.