Bakı Metropoliteninin 4 stansiyasına əlavə giriş tikiləcək

Bakı Metropoliteninin 4 stansiyasına əlavə giriş tikiləcək

5 Sentyabr 2011 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasında əhali sıxlığı nəzərə alınaraq 3 əlavə giriş tikilir. Bakı Metropoliteninin rəisinin müavini Arif Rəsulovun verdiyi məlumata görə, artıq tikinti işlərinə başlanılıb. Girişin biri Zahid Xəlilov, ikincisi Bəxtiyar Vahabzadə, üçüncüsü isə Bakı Dövlət Universitetinin yaxınlığında tikilir.

"Bakı Metropoliteninin bəzi stansiyaları var ki, onların giriş-çıxışı bir yerdəndir. Bu da beynəlxalq standartlara uyğun deyil. "Elmlər Akademiyası", "Nizami", "Xətai", "Sahil" və "İçəri şəhər" stansiyalarının cəmi bir giriş-çıxışı var. Bu da həm təhlükəsizlik baxımından əlverişsizdir, həm də sərnişin sıxlığı yaradır", deyə A. Rəsulov qeyd edib.

Metropoliten rəsmisi "Elmlər Akademiyası" stansiyasından sonra, "İçəri şəhər" və "Sahil" stansiyalarında da əlavə girişlərin tikiləcəyini bildirdi.

"Hələlik tikinti işləri "Elmlər Akademiyası" stansiyasında aparılır. Hazırda sürətli iş gedir. Bundan sonra ya "İçəri şəhər", ya da "Sahil" metrostansiyalarında ikinci girişin tikintisinə başlanacaq", deyə A. Məmmədov qeyd edib.

Yerin üstündə olduğu kimi altında da inkişaf gedir.

Tofiq Əliyev

O.M.