Nardaran hadisələrində saxlanılanların bir qrupunun həbs müddəti uzadılıb

Nardaran hadisələrində saxlanılanların bir qrupunun həbs müddəti uzadılıb

9 Sentyabr 2016 15:58
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.

Bu barədə Apa -ya məlumat verən təqsirləndirilən şəxslərdən Elman Ağayevin vəkili Akif Əliyev bildirib ki, bir müddət əvvəl Nəsimi rayon Məhkəməsinin qərarı ilə Zülfüqar Mikayılov, Elman Ağayev və digərlərinin həbs müddətləri bir neçə aylıq uzadılıb. Həmin qərardan verilən apellyasiya şikayətləri isə təmin edilməyib.

Vəkil A. Əliyev müdafiə etdiyi Elman Ağayevin səhhətində problemlərin olduğunu, onun Klinik Tibbi Mərkəzdə müayinə edilməsi barədə qərar qəbul edildiyini də deyib: "Elman Ağayev saxlanılan zamanı xəsarət alıb, təzyiqə məruz qalıb. Bununla bağlı istintaq orqanına müraciət etdik. Lakin bildirdilər ki, fakt təsdiqini tapmır. Onun səhhətində olan problemlərə görə isə Klinik Tibbi Mərkəzdə müayinə edilməsi haqqında istintaq orqanına etdiyimiz müraciətə müsbət cavab verilib. Lakin həmin qərar hələlik icra edilməyib".

Qeyd edək ki, ötən il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində əməliyyat keçiriblər. Əməliyyat zamanı "Müsəlman Birliyi" hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb. Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 nəfər isə qəsəbə sakini həlak olub.

Saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov və digər 18 nəfərin məhkəməsi davam etdirilir.

Mediainfo.az