Müəssisə və təşkilatlarda formalaşan tullantı suları Xəzərə axıdılır

Müəssisə və təşkilatlarda formalaşan tullantı suları Xəzərə axıdılır

9 Sentyabr 2016 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

"Lənkəran rayonunun ərazisindən Xəzər dənizinə tökülən köhnə Bioloji Təmizləyici Qurğunun (BTQ) qəza xətti dənizi ən çox çirklənməyə məruz qoyan axardır. Fərdi evlərdə formalaşan tullantı suların bir qismi şambolara, bir qismi BTQ-nin köhnə kanalizasiya şəbəkəsinə, digər qismi isə həmin ərazidən birbaşa Xəzər dənizinə axıdılır".

Bu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində əksini tapıb.

"Şəhəri tam əhatə etməyən kanalizasiya şəbəkəsi Xəzər dənizinin ekosistemi ilə yanaşı, şəhər ərazisindən keçən təbii axarlara da (çaylar və kanallar) mənfi təsir göstərir. Ötən əsrin 70-ci illərindən istismar edilən BTQ hazırda tam söküldüyündən, qurğuya yönəldilən tullantı suları qəza xətti vasitəsi ilə birbaşa Xəzər dənizinə atılır. Bundan başqa, Lənkəran şəhərində formalaşan tullantı suların bir qismi Lənkəran şəhəri dəmiryol vağzalının qarşısından boru vasitəsi ilə birbaşa sahil zolağından Xəzər dənizinə tökülür. Həmin boru vasitəsilə "kiçik bazar" adlanan yaşayış ərazisində, eləcə də şəhərin mərkəzində yerləşən yaşayış binalarında, müəssisə və təşkilatlarda formalaşan tullantı suları Xəzər dənizinə axıdılır.

Qumbaşıçay Lənkəran şəhəri ərazisindən keçib birbaşa Xəzər dənizinə tökülən və çirklənməyə məruz qalan axarlardan biridir. Bədəlan və Boradigah çaylarının birləşməsindən sonra yaranan Qumbaşıçay Masallı və Lənkəran rayonlarının inzibati ərazilərindən keçərək, Qızılağac körfəzindən Xəzər dənizinə tökülür. Boradigah, Qumbaşı və Qızılavar kəndlərində, eləcə də fermer təsərrüfatlarında formalaşan tullantı suları da sözügedən çaya axıdılır. Lənkərançay, Boladiçay, Veravulçay, Girdəniçay və Girdəni kanalı rayon ərazisindən Xəzər dənizinə antropogen təsir göstərən axarlardır. Həmin axarlar vasitəsi ilə sahilboyu yerləşən yaşayış massivlərində və fəaliyyət göstərən bəzi müəssisələrdə formalaşan tullantı suları Xəzər dənizinə axıdılır" – deyə bülletendə qeyd olunub.

Bülletendə bildirilib ki, Astara rayonu ərazisindən keçib birbaşa Xəzər dənizinə tökülən və ən çox çirklənməyə məruz qalan axarlardan biri Kələdəhnə kollektorudur: "Bu kollektor Astara rayonu ərazisində Ərçivan və Gəzəndaş çaylarının birləşməsini, eləcə də Astara şəhərinin qəzalı vəziyyətində olan kanalizasiya xəttinin Xəzər dənizinə axarını əmələ gətirir".

Mediainfo.az