Rayonlarda leysan və dolu gözlənilir

Rayonlarda leysan və dolu gözlənilir

5 Sentyabr 2011 13:06
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 22-26 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Sentyabrın 6-dan 7-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz isə dəyişkən buludlu, lakin əsasən yağmursuz hava proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında sərin hava şəraiti əksər meteohəssas insanlar üçün əlverişli olsa da, sentyabrın 6-da güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında sentyabrın 6-da arabir yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Sentyabrın 7-də bölgələrdə arabir yağış yağacaq. Gecə və səhər bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.

Havanın necə olmasından asılı olmayaraq çalışın, sağlama qalın.

Fərid Qurbanov

O.M.