Çarəsiz ana övladı üçün imdad diləyir...

Çarəsiz ana övladı üçün imdad diləyir...

7 Sentyabr 2016 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Serebral iflic xəstəliyindən əziyyət çəkən balaca Cahangirin yardıma ehtiyacı var

1 yaş 9 aylıq balaca Cahangirin yardıma ehtiyacı var. O, serebral iflic xəstəliyindən əziyyət çəkir. Redaksiyamıza müraciət edən balaca Cahangirin anası Bakı şəhər sakini Adilə Həsənova imkanlı şəxslərdən və həkimlərdən övladının müalicəsində ona yardım edilməsini xahiş edir:

"Övladım 6 aylığında, yarımçıq dünyaya gəlib. Uşağımı 29 gün Respublika Perinatal Mərkəzdə saxladılar. Burada uşağım haqda mənə dedilər ki, vəziyyəti ağırdır. Amma ağırlıq dərəcəsini, xəstəliyini demirdilər. Sonradan bildik ki, uşaq beyinlə əlaqədar sağ tərəfdən iflic olub. Sonra dedilər ki, uşaq sudurqa keçirib. Biz uşağı evə gətirdik, müalicə etdirdik. İki dəfə müalicə götürdük, gördük ki, faydası var, uşaqda inkişaf gedir. Daha sonra sahə həkiminin yanına apardım. Siroplar verdilər. Hazırda uşaq otura, dura, gəzə bilmir. Həkim sonda diaqnoz qoydu ki, uşaq serebral iflicdir. Biz bu xəbəri eşidəndə çox pis olduq. Çünki uşaq anadan olan gündən bu barədə heç kim bizə bir söz deməmişdi. Uşağım 1 yaş 9 aylıq olsa da, onda heç bir irəliləyiş yoxdur.

İnkişafdan qalıb, ayaqları tamam boşdur, yerimir, oturmağa meylli deyil. Uşağımın problemləri çoxdur. Həkimlər deyir ki, müalicəsi var. Amma bir ayağı tam sağalmayacaq. Mən bərpa mərkəzlərinə gedirəm ki, uşaq masaj olunsun. Amma məni qoymurlar ki, hələ tezdir. Pulum olmadığı üçün mənə biganə yanaşırlar.

9 nömrəli uşaq poliklinikasına getmişəm, deyirəm ki, kağız verin ki, mən uşağımı Mərdəkanda bu cür xəstə uşaqlar üçün istirahət mərkəzi var ora aparım. Orada bu cür uşaqları masaj edir, toka verir, müalicəvi sulara salırlar. Min cür bəhanə ilə mənə kağız vermədilər. Mən 2 saylı Nevroloji xəstəxanada yatmışam. Bu xəstəxanada uşağıma baxmırdılar. İynələr vururdular, pul vermirdim deyə mənimlə kobud rəftar edir, uşağıma biganə yanaşır, arxamca danışırdılar.

Buranın masajı, müalicəsi məni qane etmədi. Nevroloji xəstəxanada həkim dedi ki, bu uşaq pensiya kağızına görə gəlibsə, 2 yaşı olmamış verməyəcəyik. Yeni Günəşlidə bərpa mərkəzi var. Mehriban Əliyevanın razılığı ilə açılıb. Uşağı ora aparmışam, deyirlər ki, təqaüd kağızı gətirin uşağı bu mərkəzdə pulsuz masaja, toka, idmana götürək. Həkim də mənə kağız vermir, deyir 2 yaşı olsun baxaq, sonra verərik. Mənə sosial yardım da vermirlər. Dəfələrlə müraciət etsəm də müsbət cavab ala bilməmişəm. Bəs mən bu uşağı necə, hansı pulla müalicə etdirim? Uşaq hər gün gözümün önündə əziyyət çəkir. Ailə durumum yaxşı deyil. Anamın yanında qalıram. Özüm də işləyə bilmirəm. Çünki uşağa baxmaq lazımdır. Yoldaşım işləsə də deyir ki, pulumu vermirlər. Ondan da mənə kömək yoxdur. Mən istəyirəm ki, uşağımı müalicə etdirim, sağalsın. Bilirəm ki, onda irəliləyiş olacaq. İmkanlı şəxslərdən, həkimlərdən xahiş edirəm ki, uşağın müalicəsində mənə köməklik etsinlər".